32 illik tarix daha böyük bir əzabın qarşısı alınması üçün bir səfərbərlikdir
Valideynlər ildə ən az bir dəfə uşaqlarını diaqnostika etdirməlidir - Psixoloq xəbərdarlıq etdi
Son illər ölkəmizdə küçə ticarəti ilə məşğul olan insanların sayında artım müşahidə olunur. Xüsusilə metro stansiyalarının çıxışlarında, avtobus dayanacaqlarının ətrafında, ticarət mərkəzlərinə yaxın ərazilərdə bu mənzərə tez-tez gözə dəyir.
Məsələ ilə bağlı Qutb.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə məsələnin hüquqi və sosial tərəflərinə aydınlıq gətirib.
O bildirib ki, Bakı şəhərində səyyar mövsümi ticarət və xidmətlərin aparılması qaydaları mövcuddur.
“Bu qaydalara əsasən, küçə ticarətinin hansı yerlərdə aparılmasının mümkünlüyü və hansı məhsulların satıla biləcəyi məsələləri tənzimlənir. Belə ki, qadağan olunmuş yerlərdə küçə ticarəti ilə məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi də qanunsuz yerlərdə küçə ticarətinin aparılmasını qadağan edir və bu hallarda cərimələr tətbiq olunur”.
A.Əlizadə, həmçinin vurğulayıb ki, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var:
“Dünyanın bütün aparıcı ölkələrində, xüsusilə də paytaxt şəhərlərində küçə ticarəti geniş yayılıb və bu fəaliyyət üçün xüsusi qaydalar müəyyən edilib. Məsələn, qardaş Türkiyədə bu sahəyə bələdiyyələr nəzarət edir. Müvafiq vergilər ödənilməklə, yalnız müəyyən olunmuş yerlərdə küçə ticarəti ilə məşğul olmağa icazə verilir. Bu, əlavə iş yerlərinin yaranması, insanların özləri üçün qazanc mənbəyi formalaşdırması baxımından müsbət haldır və dövlət tərəfindən təşviq edilməlidir.
Belə tənzimləmələr həm məşğulluğun artırılmasına, həm də əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Hazırda bu sahəyə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamenti nəzarət edir. Lakin bəzi hallarda müxtəlif qurumlar tərəfindən qanunla müəyyən edilməmiş icazə və ya qadağalar tətbiq olunur ki, bu da hüquqi pozuntulara gətirib çıxarır”.
Deputatın fikrincə, bu kimi halların qarşısını almaq üçün vahid hüquqi bazanın formalaşdırılmasına da zərurət var:
“Türkiyə təcrübəsində olduğu kimi, bir çox ölkələrdə küçə və səyyar ticarətin təşkili yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin səlahiyyətinə daxildir. Bələdiyyələr bu sahəni tənzimləyir, adıçəkilən fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər isə bələdiyyələrə müəyyən rüsumlar ödəyirlər. Bu, bələdiyyə büdcələrinin formalaşmasında da mühüm rol oynayır. Azərbaycanda da sözügedən təcrübədən istifadə etmək mümkündür.
Hesab edirəm ki, bələdiyyələrə bu istiqamətdə əlavə səlahiyyətlərin verilməsi, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi və yalnız müəyyən olunmuş yerlərdə küçə və mövsümi ticarətin aparılması imkanlarının yaradılması olduqca vacibdir”.
Sədr müavini onu da əlavə edib ki, qanunla müəyyən edilmiş bəzi yerlərdə küçə ticarəti qadağan edilməlidir:
“Məsələn, məktəblərin, uşaq bağçalarının yaxınlığında və digər ictimai yerlərdə bu fəaliyyətin məhdudlaşdırılması məqsədəuyğundur. Bu xüsusda, həm ictimai asayişin qorunması, eləcə də təmizlik və qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir.
Ümumilikdə, küçə ticarətinin təşkili üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi, eləcə də bu sahədə bələdiyyələrin rolunun artırılması ölkəmiz üçün faydalı və zəruri addım olardı”,- deyə A.Əlizadə bildirib.