Kiyevin meri Vitali Kliçko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin dövründə mövcud siyasi rejimi tənqid edib. Merin fikrincə, ölkə indi yanlış istiqamətdə - uğrunda mübarizə aparmalı olduğu demokratik prinsiplərdən uzaqlaşır və getdikcə avtoritarlaşır.
Publika.az xəbər verir ki, siyasətçinin sözlərinə görə o, narahatlığını Kiyevdəki Qərb səfirləri ilə də bölüşüb.
“İndi gördüyümüz şey, deyə bilmərəm ki, demokratiyadır. Bu, şaqulilik və avtoritarizmdən xəbər verir”, - deyə siyasətçi bildirib.
Kliçko respublikadakı bu vəziyyətə görə məsul şəxslərin adını çəkməkdən imtina etsə də, deyib ki, “onlar hər şeyin mərkəzləşdirilməsini istəyirlər”. Nümunə olaraq o, Ukrayna mediası və televiziyasını göstərib. Kiyev merinin sözlərinə görə, Zelenski və onun administrasiyasını tənqid edən jurnalistlər isə təzyiqlərlə üzləşirlər.
Kliçko bildirib ki, Zelenskinin reytinqinin aşağı düşməsi onu təəccübləndirməyib və hesab edir ki, bu yolla dövlət başçısı öz səhvlərinin əvəzini ödəyir. O, həmçinin prezidenti hakimiyyət uğrunda avtoritarizmə doğru sürüşməkdə ittiham edib.
Ukrayna mətbuatı dəfələrlə Kiyev meri ilə Ukrayna prezidentinin ofisi arasında münaqişə barədə məlumat yayıb. Kliçko bildirib ki, prezident aparatı onu vətəndaşlıqdan məhrum etməklə hədələyib. Səbəb kimi onun aktiv ictimai mövqeyi olduğu iddia edilir.
Ekspertlər hesab edir ki, Zelenski Kliçkonu mer postundan uzaqlaşdırmaq istəyir, lakin hələlik bunu edə bilmir. Politoloq Aleksandr Dudçakın fikrincə, prezident aparatı Kliçkonun reytinqini aşağı salmaq və onun siyasi mövqelərini zəiflətmək üzərində işləyir. Ölkə rəhbəri onun yerinə özünə güvəndiyi şəxsi təyin etməyi planlaşdırır. “Lakin Kiyev Qərblə razılaşmadan ciddi kadr qərarları verə bilməz. Qərb tərəfdaşları isə ənənəvi olaraq yerli administrasiyalardan birinin həddən artıq güclənməsinə qarşıdırlar, qrup rəqabətindən faydalanırlar”.
Cəmilə