İrəvanın Rusiyaya qarşı hər hansı addım atması ilə bağlı açıqlamalar təxribatdır.
Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin regional məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyasının sədr müavini, Nikol Paşinyanın partiyasının üzvü Vaqarşak Akopyan deyib.
“Ermənistan heç bir ölkəyə, xüsusən də Rusiyaya qarşı heç nə etmir. Çünki biz hələ də Rusiyanın müttəfiqi və eyni iqtisadi zonada yerləşən ölkə hesab olunuruq”, - o bildirib.
Akopyanın sözlərinə görə, İrəvanın addımlarının Rusiyaya qarşı yönəlməsi ilə bağlı deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur: “Biz bütün tərəfdaşlarımızla normal münasibətlərə malik olmaq və heç kimə qarşı fəaliyyət göstərməmək üçün əlimizdən gələni edirik”.
Bundan əvvəl Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bəyan etmişdi ki, Böyük Britaniya Ermənistanın KTMT üzvlüyünü dondurmaq qərarını tanıyır və “Rusiyadan gələn cavab tədbirləri təhlükəsi qarşısında” İrəvana dəstək verməyi planlaşdırır. O, bu barədə Britaniya parlamentinin yazılı müraciətinə cavab olaraq bildirib.