İran ölkənin Müdafiə Nazirliyi tərəfindən hazırlanmış ikipilləli “Simurq” daşıyıcı raketindən istifadə edərək orbitə üç peykini çıxarıb.
Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilib ki, çəkisi 32 kiloqram olan “Mahda” peyki və çəkisi 10 kiloqramdan az olan “Kayhan-2” və “Hatef-1” nanopeykləri 450 kilometr yüksəklikdə orbitə çıxarılıb.
“Mahda” yüklərin orbitə çatdırılmasında dəqiqliyi yoxlamaq üçün İran Kosmik Araşdırmalar Mərkəzi tərəfindən hazırlanıb. İki nanopeyk isə darzolaqlı rabitə və geopozisiya sistemlərini sınaqdan keçirmək üçün nəzərdə tutulub.
Agentlik qeyd edir ki, peyklərin buraxılışı İslam İnqilabının 45-ci ildönümü münasibətilə həyata keçirilib.