Futbol üzrə İspaniya La Liqasında XXI turun oyunları davam edir.
Publika.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri “Betis” və “Barselona” arasında olub. Gərgin keçən oyun Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Ferran Torres açıb. O, 42-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Lakin meydan sahiblərinin heyətində İsko 56-cı və 60-cı dəqiqələrdə qol vuraraq tablodakı rəqəmləri bərabərləşdirib. Joao Feliks 90-cı dəqiqədə komandasını yenidən önə çıxardıb. Qarşılaşmada son nöqtəni 92-ci dəqiqədə het-trikini rəsmiləşdirən Ferran Torres qoyub.
“Barselona”nın əzəli rəqibi "Real Madrid" də turu qələbə ilə bitirib. Paytaxt klubu doğma meydanda "Almeriya"ya 3:2 hesabı ilə qalib gəlib.
Görüşdə hesabı qonaqların heyətində 1-ci dəqiqədə Largi Ramazani açıb. Edqar Gonsales 43-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Ruhdan düşməyən meydan sahibləri 57-ci dəqiqədə Cud Bellinqamın qolu ilə fərqi azaldıb. Vinisius Junior 67-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Dani Karvaxal qələbə qoluna imza atıb.
Turun digər oyunlarında "Real Sosyedad" səfərdə "Selta"nı 1:0, "Osasuna" isə "Xetafe"ni 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Real Madrid" 51 xalla liderdir. "Jirona" 49 xalla 2-ci, "Barselona" 44 xalla 3-cü, "Atletik Bilbao" isə 41 xalla dördüncü pillədə qərarlaşıb.