Əslində biz bu qanunu qəbul etsək, çox pis bir ənənənin başlanğıcını qoymuş olacağıq.
QÜTB.AZ xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, bazar iqtisadiyyatı olan ölkələrdə dövlət qiyməti vergilər, rüsumlar yolu ilə tənzimləyir, yəni qiymət müəyyənləşdirmir:
“Sabah da deyəcəyik ki, insan orqanizmi üçün çox vacib olan qidalar var, gəlin həmin qidalar üçün də yuxarı hədd müəyyənləşdirək ki, sahibkar öz malını bundan baha qiymətə sata bilməsin. Mən, hesab edirəm ki, bu yolverilməzdir. İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi kimi təqdim oluna bilər? Əgər, qiymət qalxırsa və bu istehlak edənin maraqlarına cavab vermir. Qeyd olunur ki, bu, həm də saxta içkilərin qarşısını alacaq. Hörmətli Razi Nurullayev bu barədə danışdı, ona görə də mən, bu məsələnin üzərində geniş dayanmaq istəmirəm.
Əvvəla, içkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil, bu kölgə iqtisadiyyatının bir sahəsi ola bilər. Hətta, qeydiyyatdan keçmiş zavodlarda istehsal olunan içkilərdən də keyfiyyətli olması mümkündür. Sadəcə olaraq, o mənada saxta adlandırıla bilər ki, qeydiyyatdan keçməyib. Digər tərəfdən onun keyfiyyətli olub-olmamasını yalnız müvafiq laboratoriyalarda müəyyənləşdirmək mümkündür. Hörmətli Azər Əmiraslanov demədi ki, indiyədək nə qədər saxta içki istehsal edən sexlər aşkar olunub, piştaxtalardan nə qədər belə spirtli içkilər yığışdırılıb, nə qədər şəxs buna görə məsuliyyətə cəlb olunub. Yəni bunu doğuran, zəruri edən səbəblər haqqında bizə məlumat verilməlidir ki, bu barədə də heç nə deyilmədi. Sadəcə “mən belə hesab edirəm ki, bu belə olar, ona görə də belə bir qanun təklif edirəm”, -yanaşması düzgün deyil.
Qüdrət Həsənquliyev həmçinin diqqətə çatdırıb: “İkincisi qiymətin artırılması lazımdırsa, hamı üçün əlçətan olmasın deyə insanların sağlamlığının əsas götürülməsi düzgün yanaşa hesab oluna bilməz. Əvvəla vaxtilə Qorbaçov alkoqolizmə qarşı mübarizə elan elədi, içkilər yığışdırıldı, qiymətlər qaldırıldı. Amam bunun nəticəsində də saxta içkilərin sayı bir az da artdı. İnsanlar hətta ayaqqabı kremlərindən də istifadə etdilər, kustar üsullarla əldə edilən spirtlər içdilər ki, bunlar insan orqanizminə daha ciddi ziyan vurdu. Saxta içkilərə qarşı hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi effektli mübarizə aparmalıdır. Spirtli içki aksizli mal sayılır və buna görə hazırda Vergi Məcəlləsində hər litrə görə 4.8 manat aksiz vergisi nəzərdə tutulub. Yəni 4.8 manatı qaldırıb edək 10 manat. Yəni istehsal olunan mal zavodun həyətindən çıxdığı andan, tutaq ki, hər litrə görə, 10 manat aksiz vergisi ödəsin. Bu halda o məcburdur ki, malın maya dəyərini də qiymətə əlavə eləsin, yəni içkinin qiyməti qalxmış olsun. Eyni zamanda insanların sağlamlığını qorumaq istəyiriksə, onda əhalinin sağlamlığı haqqında qanuna dəyişiklik etməliyik. Orada xüsusi bir fəsil var. 9-cu fəsil vətəndaşların sağlamlığına vurulan zərərə görə məsuliyyətlə bağlıdır. Orada qeyd edə bilərik ki, yalnız qanunazidd hərəkətlər nəticəsində zərərçəkmiş şəxs xəstəxanalarda müalicə olunursa, onların müalicəsi üçün çəkilən xərclər ödənilməsin. Həm də biz, bilirik ki, dünyanın bir çox ölkələrində də əgər insanlar tütündən və alkoqollu içkilərdən ziyan görürlərsə onlara qarşı məhkəmələrdə iddia qaldırılır. Əgər zərəçəkən dövlət hesabına müalicə olunubsa xəstəxanalar da əgər müvafiq iddialar qaldıra bilərlər.
Millət vəkili həmçinin əlavə edib: “Yeri gəlmişkən, əvvəllər də mən, bununla bağlı məsələ qaldırmışam ki, konstitusiyanın 73-cü və 94-cü maddələrinə qədər bütün vergi növləri, onun həcmi, bütün ödənişlər qanunla müəyyən olunmalıdır. Vergi Məcəlləsinin 190-cı maddəsində qeyd olunur ki, “bəzi aksizli mallara görə, hökumət, müvafiq icra hakimiyyəti orqanı aksiz vergisini müəyyənləşdirir”. Yəni, əvvəllər də söyləmişəm, bu, qanuna, konstitusiyaya ziddir. Çox təəssüf ki, bu istiqamətdə də addımlar atılmır. Çox istəyərdim ki, hörmətli Azər Əmiraslanov bunu da müvafiq icra hakimiyyəti orqanları qarşısına qaldırsın. Qarşıda büdcə müzakirələri gəlir və biz, qanunvericiliyə bu istiqamətdə müvafiq dəyişikliklər edək”.