25.12.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Hesablama Palatasının auditoru: Dövlət qurumlarında nöqsanlar aşkar olunub - MÜSAHİBƏ

25 dek 2025 17:00
GÜNDƏM
ads

Hesablama Palatasının auditoru Hilal Hüseynov Qutb.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

    AR Hesablama Palatasının həyata keçirdiyi kənar dövlət maliyyə nəzarətində maliyyə auditi nə ilə  seçilir?

      Maliyyə auditi kənar dövlət maliyyə nəzarətinin mühüm forması kimi digər audit növlərindən – xüsusilə uyğunluq və səmərəlilik auditindən məqsədi və metodologiyasına görə fərqlənir. Maliyyə auditinin əsas məqsədi – müstəqil və obyektiv qiymətləndirmə aparmaqla, maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə həqiqi, tam və qanunvericiliyə uyğun tərtib olunduğuna dair məqbul əminlik əldə etmək, eləcə də bu hesabatlarda əks olunmuş məlumatların etibarlılığı, şəffaflığı və düzgünlüyü barədə istifadəçilərə obyektiv auditor rəyi təqdim etməkdir.

Qeyd edək ki, əksər Ali Audit Qurumları tərəfindən maliyyə auditi beynəlxalq standartlarına uyğun olaraq həyata keçirilir və bu auditin müstəqilliyini, obyektivliyini, yetərli və münasib audit sübutu tələb etməsini təmin edir.

Maliyyə auditləri Hesablama Palatasının illik iş planına əsasən və müvafiq Kollegiya Qərarı ilə təsdiq edilmiş “Maliyyə Auditinə dair Təlimat”a uyğun olaraq həyata keçirilir.

Təlimatda istifadə edilmiş maliyyə auditi ilə bağlı anlayışların və yanaşmaların müəyyənləşdirilməsində IFPP-in ISSAI 100 – “Dövlət sektorunda auditin təməl prinsipləri”, ISSAI 200 – “Maliyyə auditinin təməl prinsipləri” və maliyyə auditi standartlarının (ISSAI 2000-2899) tələbləri əsas götürülmüşdür.

Maliyyə auditinin keçirilməsi zamanı Hesablama Palatasının auditorları yerli normativ-hüquqi aktlarda müəyyən edilmiş tələblərin icrasını da qiymətləndirirlər.

Nəticədə maliyyə auditi təkcə hesabatların beynəlxalq standartlara uyğunluğunu deyil, həm də milli qanunvericilik çərçivəsində maliyyə idarəçiliyinin qanunauyğunluq və etibarlılıq səviyyəsini müəyyən edir ki, bu da dövlət sektorunda şəffaflıq, hesabatlılıq və məsuliyyətliliyin artırılmasına xidmət edir.

 

Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti çərçivəsində həyata keçirdiyi maliyyə auditlərinin xüsusi çəkisi illər üzrə təxminən 9-12% arasında dəyişir və bu audit digər auditlər kimi müstəqil, standartlara əsaslanan və hesabatlılığı təmin edən yoxlamadır. Maliyyə auditi nəticəsində verilən rəy maliyyə hesabatlarının istifadəçilərinə — hökumətə, nəzarət obyektlərinə, vətəndaşlara təqdim olunur və bundan əlavə hesabatlarda gələcək dövrlərdə nəzərə alınası əhəmiyyətli düzəlişlər və tövsiyələr də qeyd olunur.

Dövlət sektorunda maliyyə hesabatlarının hazırlanması vəziyyətini necə qiymətləndirmək olar?

Dövlət sektorunda maliyyə hesabatlarının hazırlanması “Mühasibat uçotu haqqında” Qanuna və digər müvafiq normativ hüquqi aktlara uyğun aparılmalıdır. Dövlət qurumlarında hesabatların hazırlanması texniki baxımdan operativ və dəqiq olsa da, onların əhatəlilik və şəffaflıq baxımından inkişaf etdirilməsi vacibdir. Əsas diqqət yalnız pul vəsaitlərinin uçotuna deyil, həm də dövlətin bütün aktiv və öhdəliklərinin düzgün təqdim edilməsinə yönəldilməlidir.

Dövlət sektorunda maliyyə hesabatlarının hazırlanma vəziyyətini qiymətləndirmək üçün kompleks yanaşma tələb olunur. Bura normativ baza, insan resursları, texnoloji infrastruktur və hesabatların məzmun keyfiyyəti də daxildir.

Son illər aparılan konsolidə olunmuş maliyyə hesabatlarının auditi zamanı bəzi dövlət qurumlarının tabelikdəki qurumların hesabatlarının birləşdirilməsi, gəlirlərin tam və vaxtında uçotu, xərclərin büdcə təsnifatına uyğun təsnifləşdirilməsi, əsas vəsaitlərin qeydiyyatı və amortizasiyası, eləcə də qarşılıqlı əməliyyatların eliminasiyası zamanı müəyyən nöqsanlar müşahidə olunmuşdur. Eyni zamanda, aktivlərin tam uçotda olmaması və büdcə təşkilatlarında mərkəzləşdirilməmiş mühasibatlıq konsolidasiya prosesinə müəyyən maneələr yaradır. Bu problemlər auditor hesabatlarında əks olunur.

Qeyd edək ki, maliyyə məlumatlarının tam əhatəli, dəqiq və düzgün açıqlanması dövlət sektorunda maliyyə hesabatlarının hazırlanmasının əsas tələblərindən biridir.

Dövlət sektorunda daxili audit funksiyasının mövcudluğu zəruridirmi?

Ümumiyyətlə, daxili audit daxili nəzarətin ayrılmaz bir elementi olaraq, idarəetmənin səmərəliliyinin, şəffaflığının və risklərin idarə edilməsinin əsas komponentidir. Daxili audit funksiyası dövlət qurumlarının idarəetmə keyfiyyətini, risklərin idarə edilməsini və daxili nəzarət mexanizmlərini daimi təkmilləşdirməsinə imkan yaradır.

Daxili nəzarəti olmayan və ya zəif təşkil edilən qurumlarda maliyyə hesabatlarının etibarlılığı da aşağı olur. Buna görə də təşkilatlarda daxili auditin yaradılması zamanı onun funksional müstəqilliyi və peşəkarlıq səviyyəsi prioritet hədəf olmalıdır. Dövlət sektorunda daxili auditin mövcudluğunu qiymətləndirərkən həm normativ, həm də praktiki aspektlər nəzərə alınmalıdır.

Daxili audit qurumun daxilində nəzarətin və risklərin idarə edilməsinin ilk və ən vacib müdafiə xəttidir və daxili auditor rəhbərliyə proseslərin təkmilləşdirilməsi barədə müntəzəm tövsiyələr verir. Hesablama Palatası kənar audit funksiyası çərçivəsində əsasən nəticələri yoxlayır, daxili audit isə daha çox proseslərin monitorinqi və qiymətləndirilməsi ilə məşğuldur. Daxili audit zamanı əməliyyatların qanunvericiliyə, prosedur qaydalarına və etik normalara uyğun aparılmasını daimi izləməli, maliyyə pozuntularının və fırıldaqçılığın erkən aşkarlanmasını təmin etməlidir.

Ümumiyyətlə daxili audit təkcə təşkilatın maliyyə aspektlərini yoxlamır, həm də qurumun ümumi idarəetmə proseslərini, əməliyyat effektivliyini və proqramların səmərəliliyini qiymətləndirir. Müşahidələrimiz göstərir ki, bəzi qurumlarda daxili audit funksiyasının obyektivliyi və müstəqilliyi baxımından hələ də problem qalmaqdadır.

Təşkilatlarda daxili nəzarət daha fundamental təşkil edildikdə kənar auditor sistemli riskləri daha az qiymətləndirir. Bu isə Hesablama Palatası auditorlarının resurslarını daha yüksək riskli və mürəkkəb sahələrə yönəltməsinə və audit prosesinin səmərəliliyinin artırılmasına imkan verir.

Süni intellektin tətbiqi audit fəaliyyətində hansı istiqamətlərdə faydalı ola bilər və hansı risklər mövcuddur?

Hesablama Palatası fəaliyyəti dövrü ərzində daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması sahəsində hədəflənmiş məqsədlərinin böyük hissəsinə çatmışdır. Audit fəaliyyətində operativliyin və nəzarətin təmin olunması məqsədilə AFİS informasiya sistemi yaradılması olmuşdur. Qeyd etdiyim sistem KDMN tədbirlərinin planlaşdırma mərhələsindən başlayaraq icra və qərarların izlənilməsi funksionallıqlarını özündə cəmləşdirir.

Təbii ki, son zamanlar dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmışdır. Buna görə də bir çox dövlətlər süni intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata keçirilməkdədir.

Bildiyimiz kimi, süni intellekt audit fəaliyyətində böyük həcmdə məlumatların avtomatik toplanması və analizi sayəsində auditorların işini daha sürətli və dəqiq etməyə imkan verir. Süni intellekt (Sİ) alqoritmləri anomaliyaları, potensial saxtakarlığı və riskli əməliyyatları real vaxtda aşkarlayaraq auditin keyfiyyətini yüksəldir. Sənədlərin real rejimdə oxunması (OCR, NLP) və məlumatların uyğunlaşdırılması audit sübutlarının əldə edilməsini xeyli asanlaşdırır.

Baxmayaraq ki, süni intellekt (Sİ) audit prosesini daha effektiv, dəqiq və sürətli edə bilməklə yanaşı, həm də istifadə prosesində bir çox etik və hüquqi risklər yaradır. Bu amillər süni intellektdən istifadə prosesində mütləq nəzərə alınmalıdır.

Bildiyiniz kimi dövlət orqanlarının məlumatları daha həssas olur (vətəndaş məlumatları, vergilər, şəxsi identifikasiya), ona görə də Sİ alqoritmlərinin təlimi və tətbiqi zamanı şəxsi məlumatların qorunması üzrə tələblərə (milli qanunvericilik və beynəlxalq prinsiplər) ciddi riayət edilməlidir. Onun tətbiqinin zəif tərəfi auditorun alqoritmin qərarını tam izah edə bilməməsidir. Həmçinin məlumatların məxfiliyi, kibertəhlükəsizlik və alqoritmik qərəzlilik də müəyyən risklər də yarada bilər.

Bildiyimiz kimi, Sİ məlumatlardakı meyilləri öyrənir, əgər mənbə məlumatları qərəzlidirsə, nəticələr də yanlış ola bilər və ya ədalətsiz qərarlar verilə bilər. Auditorlar model nəticələrini sübut kimi istifadə edərkən bu riskləri qiymətləndirməli və izah etməlidirlər.

Eyni zamanda, auditorların Sİ nəticələrinə həddindən artıq güvənməsi peşəkar mühakiməni zəiflədə bilər. Hüquqi çərçivələrin tam formalaşmaması isə məsuliyyət bölgüsündə qeyri-müəyyənliklər yaradır və buna görə ən optimal yanaşma SI imkanlarının auditorun peşəkar mühakiməsi ilə birgə istifadə edilməsidir.

Dövlət auditinin rəqəmsallaşdırılması Hesablama Palatasının da fəaliyyətini beynəlxalq qabaqcıl təcrübələrlə uyğunlaşdırmaq və rəqəmsallaşma meyillərinə cavab vermək istiqamətində strateji təşəbbüsdür. Bu istiqamət üzrə məqsəd - dövlət auditinin innovativ texnologiyalar əsasında modernləşdirilməsi, qərarların data analitikası və süni intellekt imkanları ilə dəstəklənməsi yolu ilə fəaliyyətlərin optimallaşdırılması və keyfiyyətinin artırılmasıdır.

HP tərəfindən də AAO-larla ikitərəfli əməkdaşlıq nəticəsində audit fəaliyyətinin müasir rəqəmsal platformaları ilə tanışlıq və istifadə təcrübəsi nəzərdən keçirmək imkanı əldə edilmişdir. HP əməkdaşları tərəfindən Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığının “VERA”, Səudiyyə Ərəbistanı Krallığı Baş Audit Məhkəməsinin “Shamel” və Koreya Audit və Təftiş Şurasının “BARON” sistemləri və onların audit tədbirlərində səmərəli məlumat mənbəyi kimi tətbiq olunması öyrənilmişdir.

Bundan əlavə HP-də Dövlət Auditi İnformasiya Sistemi (DAİS) yaradılmasına başlanılmışdır. Burdakı məqsəd dövlət qurumlarına müvafiq maliyyə məlumatlarının veb portal vasitəsilə Hesablama Palatasına təqdim edilməsini, məlumatların çeşidlənməsini və avtomatlaşdırılmış emalını (analizini) təmin etməklə audit (analitik fəaliyyətini) və büdcə prosesindən irəli gələn fəaliyyətini optimallaşdıran və keyfiyyətini artıran bir sistem qurmaqdır. Bu sistemin üstünlüyü bəzi sənədlərin və hesabatların mərkəzi bir platformada toplanması, icmallaşdırılması və təhlil edilməsidir.

İnanırıq ki, DAİS rəqəmsallaşdırma səviyyəsini yüksəltməklə kənar dövlət maliyyə nəzarəti tədbirlərinin planlaşdırılması və icrası proseslərində operativliyi və risk qiymətləndirilməsini təmin edəcək

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur