“Bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb. Bankların bu günki sifarişi 151.1 milyon dollar olub. Bütövlükdə, bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370.9 milyon dollar satılıb”.
Publika.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu gün hərracda yüksək sifariş heç də 13-ün “nəs rəqəm” hesab edilməsi ilə bağlı deyil, rekord məbləğ satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir:
“Valyuta dəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir. Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq, aktiv valyuta dəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil.
Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir. Bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vaicbdir”.
Aysel Şahmar