Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda yanvarın 26-da Əməliyyat-taktiki fakültənin təkmilləşdirmə kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyyətlə bitirən zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Ali Baş Komandanın göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər və bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb.
Çıxış edən məzunlar öz növbələrində Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə bütün dinləyicilər adından dərin minnətdarlıqlarını bildirib, kurs müddətində əldə etdikləri bilik və bacarıqları tabelikdə olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının artırılmasında tətbiq edəcəklərinə söz veriblər.
Sonra Əməliyyat-taktiki fakültənin məzunlarına fəxri fərman və sertifikatlar təqdim olunub.