29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Həmin Mihribanın xatirəsi Bakıda – Ağarza Elçinoğlu yazır

23 avq 2024 22:53
GÜNDƏM
ads
Advertisement

Günə türkiyəli müəllimim Şükrü Balcının zəngi ilə başlamışdım. Mənə dedi ki, fakültəmizdən müəllimlər Bakıya gəlib:


– Sənə zəhmət, onları qaldıqları hoteldən götür, Bakıda bizi gəzdirdiyin yerləri onlar da görsünlər. 


Məsuliyyəti üzərimə götürüb, müəllimlə sağollaşdım. 


Görüş vaxtı müəllimlərlə bir-bir tanış oldum: Mehran xanım, Fehmi Karasioğlu və Mihriban Karakoç. Sonuncu ad mənə nəyisə xatırlatdı, lakin o anda maşına əyləşib yola düşdük. 


Qonaqlar öncə mərhum deputatımız Qənirə xanım Paşayevanın məzarını görmək istədilər. Buna görə İkinci Fəxri Xiyabana yollandıq. Yol boyu mənə sıxıcı gələn Bakının gözəlliyindən danışdılar. Qənirə xanımı ziyarət etdikdən sonra, Birinci Fəxri Xiyabanda Heydər Əliyev və Əbülfəz Elçibəyi də unutmadılar. 


Görünür, 5 gün öncə Ümumilli Liderin məzarına qoyulan əklil qonaqların diqqətini çəkmişdi. Məndən soruşduqda, Rusiya prezidenti Vladimir Putinin səfərdə olduğunu xatırlatdım. Xüsusilə Putinin heykəlin önündə əyilməsini də qeyd etdim və bunun ilk olduğunu xatırlatdım.


Onlar xiyabanı gəzdikcə ölkədə şairlərə, sənətçilərə və dövlət xadimlərinə verilən dəyərdən danışırdılar. Məncə də haqlı idilər. Çünki dünyanın heç bir yerində sözə, sənətə və sənətkara Azərbaycandakı qədər dəyər verilmir. 

Bu arada mən də boş dayanmır, qardaş ölkənin Boraltan faciəsindəki laqeydliyindən və ölkələrarası digər faktlardan bəhs etdim.


Xiyabandan çıxırdıq, heykəllər də sanki, insanla söhbət edirdilər...


Amma hələ də mənim beynimdə sonuncu müəllimin adı dolanırdı – Karakoç Mihriban! Axı bu tanınmış türkiyəli şairin qovuşa bilmədiyi sevgisinə yazdığı şeirin adı idi. Soyad da şairin özbəöz soyadı...


Əlqərəz, DTX-nin binasını, Milli Məclis və Alov Qüllələrini gördükdən sonra, qonaqlar Şəhidlər Xiyabanına çatdılar. Buranı da ziyarət edib, Dağüstü Parkın mənzərəsindən Bakını "quş baxışı" seyr etdilər.


İçərişəhərdən Qız Qalasına baxan kafelərin birində oturub dincələndə, Mehran xanım xiyabandakı şairlərdən söz açdı. Bəxtiyar Vahabzadəni, Nizamini və yazıçı Anarı sevdiyini dedi. 


Həmin anda Mehriban xanım atasının Bəxtiyar Vahabzadə ilə məktublaşdığını dedi. 


Elə atasının kim olduğunu sual edəcəkdim ki, onlar məndən hansı türkiyəli şairləri sevdiyimi soruşdular. Cemal Süreyya, Nazım Hikmet və Abdürrahim Karakoç dedim. Xüsusilə Karakoçun "Mihriban" şeirini xatırlatdım. Bu zaman Fehmi müəllim Mihriban xanımı işarə edərək mənə dedi: 


– Həmin Mehriban budur. Qayınatam Abdürrahim Karakoç nakam sevgisinin adını qızına qoyub. 


Çox təəccüblənmişdim. Bu barədə hər şeyi bilsəm də, şairin "Mehriban"ı yaşatdığını bilmirdim. Həm də ağlıma gəlməzdi ki, hər gün mahnısını dinlədiyim "Mihriban"ın nişanəsi ilə Bakıda rastlaşacam...


Onlarla birgə yenə həmin tarixi vərəqlədik. Mehriban xanım dedi ki, atası həmin şeiri o anadan olmamışdan çox illər əvvəl yazıb. 


Şeirin 1960-cı illərdə yazıldığını çox yaxşı bilirdim. Bilmədiyim sadəcə şairin sevgilisinin əsl adı olub. Mehriban xanım dedi ki,


– Qadının əsl adını biz belə bilmirik. Onlar bizim kənddən köçüb getdikdən sonra, nənə-babam Maraş şəhərində onları axtarıb tapıblar. Qızın ailəsi isə onu başqası ilə nişanladıqlarını deyiblər. 


Şair bu hadisədən sonra mövzunun bir daha açılmamasını istəsə də, qızın yaşadığı şəhərdəki redaksiyalara şeirlərini göndərirmiş. Qız da ona cavabında məktub yazırmış. Çünki şair qızın evinə məktub göndərə bilməyib. O, müsahibəsində bunu belə izah edir:


– O mənə məktublar yazardı, amma mən yaza bilmirdim. Camaatın qızının evinə məktub göndərmək olardı? Yaşadığı şəhərdə bir qəzet çıxardı, mən də o qəzetə şeirlər yazırdım. Hamı onları şeir kimi oxuyur, amma Mehriban bilirdi ki, bu şeirlər ona məktubdur.


Karakoç qızın xasiyyətinə uyğun olaraq ona "Mihriban deyirmiş. Elə bu səbəbdən həmin şeir yazılır. 


Şeir başdan-başa nakam sevgidən, mesajlardan ibarətdir. 


– Önce naz sonra söz ve sonra hile

Sevilen seveni düşürür dile

Seneler asırlar değişse bile

Eski töre bozulmuyor Mihriban


Şeirdəki bu misrada şair sevgilisindən ayrı düşdüyünü, keçmiş adət-ənənənin onlara mane olduğunu nəzərə çatdırır.


Şeir Musa Eroğlu tərəfindən bəstələnib ifa edildikdən sonra, qız Karakoça "Unutmaq asandır?" başlıqlı məktub göndərir. Şair isə cavabını yenə şeirlə qaytarmalı olur:


– “Unutmak kolay mı?” deme, 

Unutursun Mihriban’ım. 

Oğlun, kızın olsun hele

Unutursun Mihriban’ım.


Karakoç bu əbədi sevgisinin daim yaşayacağını və sevgisinin daim gizli qalacağını da açıqlamışdı. Görünür, hadisələr elə şairin dediyi kimi cərəyan edir. 


Beləcə, yeni tanışlıq, təəccüb, ədəbiyyat və tarix dolu günümüzü mehribanlıqla yekunlaşdırdıq. Bakı isə buna şahidlik etdi...

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur