Noyabrın 8-də Bakıda - Azadlıq meydanında hərbi parad təşkil olunacaq.
Zəfər Gününə həsr olunmuş hərbi parad öncəsi hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Ordusunun parad məşqləri, eləcə də Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib.
Hərbi parada canlı tamaşa etmək təbii ki, əksər vətəndaşların istəyi sırasındadır.
Qutb.az bir neçə tanınmış ictimaiyyət nümayəndəsinə "parada baxmağa gedəcəksinizmi" sualı ilə müraciət edib.
Milli Məclisin deputatı Aqil Abbas Zəfər Günü baş tutacaq hərbi paradda iştirak edəcəyini deyib:
“Bundan böyük, bundan gözəl gün varmı? Təbii ki, iştirak edəcəyik. Azərbaycan 200 illik bir əsarətdən qurtulub, işğaldan azad olunub. Mən arzu edərdim ki, bu parad hər il keçirilsin. Vaxtilə 9 Mayda hər il belə paradlar təşkil olunurdu və biz də iştirak edirdik. İstərdim ki, bu ənənə bərpa olunsun. Demirəm, mütləq hərbi parad kimi olsun, amma ümumi parad xarakterli tədbir keçirilsin. Hər il insanlar küçələrə, Azadlıq meydanına çıxıb bu qələbə gününü bayram kimi qeyd etsinlər”.
Xalq artisti Mənsum İbrahimov da zəfərimizə həsr olunmuş paradda iştirak edəcəyini söyləyib:
“Əlbəttə, iştirak etməyi düşünürəm. Bu, bizim qürur və zəfər paradımızdır. Biz bu zəfəri 30 il gözləmişik. Artıq bu il zəfərimizdən 5 il ötür. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə böyük tarix yazaraq mənfur düşməni torpaqlarımızdan qovdu. Əlbəttə ki, bu zəfəri igid şəhid və qazilərimizin sayəsində qazandıq. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq. Qarabağ sürətlə bərpa olunur, abadlaşır, artıq əhalimiz orada məskunlaşır. Bu, çox qürurverici hadisədir, bizim ən böyük bayramımızdır. Düşünürəm ki, Azərbaycan bayrağı daim zirvələrdə dalğalanacaq və biz də qürurla Zəfər paradında iştirak edəcəyik”.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev isə bildirib ki, dəvət olunacağı təqdirdə Zəfər paradında iştirak edəcək.
Azad Vətən Partiyasının sədri Akif Nağı da öz növbəsində bu tarixin çox önəmli olmasından, eləcə də paradda iştirak etmək istədiyindən bəhs edib:
“Hər kəsin, eləcə də bizim arzumuzdur ki, Zəfər paradında iştirak edək. Bu, bizim üçün çox vacib bir tədbir və önəmli gündür. Hərbi parad qələbəmizin təsdiqinin simvoludur, Azərbaycan Ordusunun iradəsini bir daha dünyaya nümayiş etdirir. Eyni zamanda, ölkəmizin bütün sahələrdəki uğurlarını da təcüssün etdirir.
Təbii ki, çox istərdik ki, biz də o paradda iştirak edək. Partiyamızda belə bir təklif də müzakirə olunub ki, Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların rəhbərləri rəsmi qaydada paradda iştirak etsinlər. Bu, həm də ölkədə formalaşan partiyalararası dialoq mühitinə uyğun və müsbət bir addım olardı.
Əgər hər hansı formada, dəvət qaydasında və ya müşahidəçi kimi paradı izləmək imkanı olarsa, böyük məmnuniyyətlə iştirak edəcəyik”.