Fransanın baş naziri Qabriel Atal Milli Assambleya seçkilərində prezident Emmanuel Makronun “Renessans” Partiyasının seçki kampaniyasına rəhbərlik edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Atal bu barədə TF1 televiziyasında bildirib.
"Mən çoxluğun lideri, baş nazir kimi bu kampaniyaya rəhbərlik edəcəyəm", – deyə qeyd edib.
Xatırladaq ki, bundan əvvəl baş nazir Makronun partiyasının Avropa Parlamenti seçkilərində uğursuzluğa düçar olmasından sonra Nazirlər Kabinetinin iclası zamanı prezidentdən istefasını qəbul etməsini istəyib.
Makron bunu qəbul etməyib və bəyan edib ki, baş nazir prezident düşərgəsinin seçki kampaniyasına rəhbərlik etmək üçün ən yaxşı namizəddir.
Qeyd edək ki, iyunun 9-da Fransada keçirilən Avropa Parlamenti seçkilərində “Milli Birlik” Partiyası prezident Emmanuel Makron tərəfdarları koalisiyasından iki dəfə çox (31,36 faiz) səs toplayıb.
Bundan sonra Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və növbədənkənar parlament seçkilərinin iki mərhələdə - 30 iyun və 7 iyulda keçiriləcəyini bəyan edib.
Qeyd olunub ki, Makron da istefa vermək niyyətində olub, lakin prezident dünən bu xəbəri şəxsən təkzib edib.
Adəm Abbaslı