Sev ki, sevən mərd olar,
Sevməyən - namərd olar.
Sevəsən - verməyələr,
Bu da yaman dərd olar.
Zamanında sevən və sevilən, sevdiyi qızı götürüb qaçan, ailə sahibi olan Qulu Əsgərov ağlına belə gətirməzdi ki, ürəkdən ifa etdiyi bu mahnının sözləri zaman gələcək onun elə özünə də aid olacaq. Həyatdır bu, nə vaxt nə olacağı kimsəyə bəlli olmaz.
O, xatırlandığı ilk andan insanda qəribə bir hiss, təbəssüm qarışıq nostalji hisslər yaranır, keçmişlə bu gün arasında xatirələr göz önündən gəlib keçir. Milli musiqi sənətimizə adını qızıl hərflərlə həkk edən Qulu Əsgərov. Azərbaycan ifaçılıq sənəti tarixində Qulu Əsgərovun öz yeri, öz dəst-xətti var
Publika.az xəbər verir ki, bu gün xanəndə, pedaqoq, neçə-neçə mahnıların müəllifi Qulu Əsgərovun anım günüdür.
Qulu Əsgərov 1928-ci il dekabrın 18-də Salyan rayonunda dünyaya gəlib. Hələ uşaq yaşlarından musiqiyə böyük həvəs göstərən yeniyetmə Qulu rayonun özfəaliyyət kollektivlərində çıxış edib. 1954-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olaraq görkəmli xanəndə Seyid Şuşinskinin sinfində təhsil alıb. Ustadının ifaçılıq ənənələrini mənimsəməklə muğamın sirlərinə dərindən yiyələnən gənc Qulu Əsgərov muğam dəsgahlarını yüksək peşəkarlıqla və ən incə xırdalıqlarına kimi dinləyiciyə təqdim edib.
Qulu Əsgərovun Bakıya gəlməyində Səməd Vurğunun əvəzsiz xidməti olub. Deyilənə görə, şair onu hansısa toyda dinləyəndən sonra səsini çox bəyənir və onu Bakıya gətirir.
Peşəkar müğənnilik fəaliyyətinə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlayan Qulu Əsgərov bəzən konsertlərində özü həm tarda ifa edər, həm də oxuyardı. Bununla da tamaşaçılarda fərqli ifaçı, maraqlı xanəndə təəssüratı yaradan sənətçi xalq musiqisi ruhunda yazılmış bir çox mahnıların müəllifi kimi də yadda qalıb. Qulu Əsgərov daim öz üzərində çalışan, öyrənməkdən yorulmayan ifaçılardan olub. Texnikumda təhsilini başa vurduqdan sonra Mədəniyyət və İncəsənət Universitetində ali təhsil də alıb. Sonralar məzunu olduğu ali təhsil ocağında pedaqoq kimi çalışır, muğam kafedrasının müdiri işləyir. Milli musiqi sənətimizin tədrisi və təbliği işinə də özünəməxsus töhfələrini verir.
1956-cı ildə teatrda işə düzələn Q.Əsgərova ilk olaraq “Leyli və Məcnun”da Zeyd rolu tapşırılır. İlk dəfə opera səhnəsinə çıxacaq müğənni böyük həvəs və həyəcanla bu rolunun üzərində gecə-gündüz məşq edir və elə ilk çıxışından tamaşaçıların rəğbətini qazanır. O, daha sonra “Əsli və Kərəm”də Sofi rolunu ifa edir. Bir neçə ildən sonra Məcnun rolu həvalə olunan sənətkar çoxdan arzusunda olduğu bu obrazın da yaddaqalan ifaçılarından biri olur. Müasirləri Qulu Əsgərovun yaratdığı obrazı xarakterizə edərkən onun Məcnunu gözəl duyduğunu, qəhrəmanın ağrı-acılı taleyini səhnədə ustalıqla canlandıra bildiyini deyirlər.
Opera səhnəsində digər aparıcı partiyaları – “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl obrazlarına da maraqlı və baxımlı səhnə həyatı verən sənətkarın əsas tərəf-müqabilləri Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova kimi sənətkarlar olub. Kərəm partiyasında sazda özü ifa edən xanəndə bu özəlliyi ilə elə sağlığında geniş tamaşaçı rəğbəti qazana bilib.
Qulu Əsgərovun müğənniliyi, opera ifaçılığı ilə yanaşı, gözəl, xalq ruhuna uyğun bəstəkarlığı da var idi. Bəstələdiyi bir çox mahnılar bu gün də dillər əzbəridir. “Dolanaram başına”, “Bəyənmir məni”, “Əziz dostum”, “Səhər-səhər pəncərəni açanda”, “Könül bağladım”, “Sevmişəm” kimi mahnıları müğənninin özünün və bir çox məşhur sənətkarların ifasında təqdim olunub. Bir-birindən məşhur 44 mahnı rəsmi şəkildə Qulu Əsgərovun mahnıları hesab olunur. O, xalq musiqisinin, xüsusən muğamatın vurğunuydu. Məhz bu səbəbdən övladlarına da muğam adlarını verib. Muğamat, Rahab və Şahnaz...
Qulu Əsgərov iki dəfə ailəli olub. İlk evliliyindən üç övladı olan xanəndə 1963-cü ildə birinci xanımından ayrılır. İkinci dəfə 1976-cı ildə özündən on üç yaş kiçik olan Sevər adlı xanımla ailə qurur. Onların Aydan adlı qızları dünyaya gəlir. Deyilənə görə, onun ömür boyu fəxri ad ala bilməməsində birinci həyat yoldaşının rolu olub. Yüksək vəzifədə işlədiyi üçün Qulu Əsgərovun fəxri ad almasını istəməyib. Hətta ayrıldıqdan sonra belə hər dəfə adı fəxri ad siyahısına düşsə də, keçmiş yoldaşının əli ilə siyahıdan çıxarılırmış. Sevər xanım müsahibələrinin birində bu haqda deyir:
“Hansı qastrola adı yazılırdısa, müxtəlif yollarla çıxartdırırdılar. Qulunun fəxri ad alma məsələsinə də onun yaxın adamları mane olur, yaxşı vəzifələrdə işlədiklərindən bu məsələlərə müdaxilə edə bilirdilər. Halbuki, Qulu mənimlə ailə quranda çoxdan boşanmışdı. Üç otaqlı evi vardı, onlara bağışlayıb mehmanxanada qalırdı. O yazıq, bədbəxt uzun illər tək qalmışdı. Mənimlə ailə qurana qədər “İnturist” mehmanxanasında yaşayırdı. Sonralar danışırdı ki, konsertlərdə, tədbirlərdə pencəyinə qədər tərləyirmiş, mehmanxanaya qayıdanda onu dəyişməyə, yumağa imkanı olmurmuş. Belə-belə tərləyib soyuqlamış, ağ ciyərində iltihab əmələ gəlmişdi. Xəstəliyi keçmişdən vardı. Sonradan xərçəngə çevrildi. Sonra məcbur həkimə apardıq. Həkimlər baxan kimi dedilər ki, xəstəliyi şiddətli mərhələdədir. İki dəfə Moskvaya getdi, amma köməyi olmadı. İkinci dəfə Moskvadan qayıdanda dedi, məndə o zəhrimardan varmış, sən də mənə demirsən. Yəqin həkimlər deyibmiş... Yeddi ay sonra dünyasını dəyişdi”.
Xəstə olduğunu biləndən sonra “Filarmoniya bağı”na gedib, bütün sənət dostları ilə görüşüb, halallaşıb. Səbəbini soruşanda isə deyib ki, “məndə o zəhrimardan var, ona görə gəldim hamınızla vidalaşım”.Qulu Əsgərov ölümünə yaxın qızını evdən uzaqlaşdırıb. İstəməyib ki, qızı onu son halı ilə xatırlasın...
Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 1987-ci ildə 58 yaşında dünyasını dəyişib.
Hər kəs gözəl xatırlanmaq istəyir bu həyatdan köçəndən sonra... Lakin hər adama da xoş xatirələrdə qalmaq nəsib olmur. O, sağlığında layiq olduğu fəxri adı almasa da, bundan gileyli olmadı, incikliyini isə heç vaxt üzə vurmadı. Sadəcə çox sevdiyi sənəti ilə onu sevən dinləyicisinə layiqli şəkildə xidmət etdi. Qulu Əsgərov və tamaşaçı sevgisi hər zaman qarşılıqlı oldu. Elə ona görə də bu gün də xanəndə hörmətlə, xoş xatirələrlə anılır, sevilir, dinlənir.
Cəmilə Hətəmxanova