Fransada hər kəs anası tərəfindən atılan və 2 il evdə tək yaşayan uşaqdan danışır. 2020-2022-ci illər arasında təkbaşına həyatda qalmaq üçün mübarizə aparan 9 yaşlı uşağın hər gün məktəbə getməyi bacardığı öyrənilib.
Publika.az xəbər verir ki, Fransada bir ananın 9 yaşlı uşağını atıb sevgilisi ilə yaşaması xəbəri ürək ağrıdıb. Şəxsiyyəti açıqlanmayan oğlan 2020-ci ildən 2022-ci ilə qədər Fransanın Şarent bölgəsindəki Nersac qəsəbəsində evdə tək qalıb. Anası və sevgilisi isə uşaqdan beş kilometr aralıda yaşayıb. Uşağın anası isə arabir oğlunu ziyarət edib. Balaca uşaq 2 il tək yaşayıb, tortlar və konservlər, qonşusunun bağçasından pomidor oğurlayıb yeyib, gecələr üçqat yorğanla isinməyə çalışıb.
2 il tort və konservlə qidalanan azyaşlı məhəllə sakinlərinin şikayəti ilə sosial xidmətin mühafizəsinə götürülüb. Nersac Bələdiyyə Başçısı Barbara Couturier uşağın çox vaxt isti suyunun olmadığını və soyuqda qaldığını, lakin bütün bunlara baxmayaraq 2 il məktəbə getdiyini və yaxşı şagird olduğunu vurğulayıb:
“Uşağın anası ilə 2022-ci ilin mayında tanış oldum. O, bizə maliyyə problemləri olduğunu söylədi və ona ərzaq yardımı üçün çek verdik, lakin o, emal olunmuş qida məhsulları aldı, bu da məni şübhələndirdi. Məhəllə sakinləri mənə dedilər ki, uşaq tək yaşayır. Beləliklə, polisə məlumat verdim”.
Couturier bildirib ki, uşaq 2022-ci ilin sentyabrından sosial xidmətlərin himayəsindədir. Bildirilib ki, anaya 18 ay həbs cəzası verilib.
Aysel Şahmar