Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş verən zəlzələlərin vurduğu ziyanı 104 milyard dollar qiymətləndirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Ölkə lideri bu rəqəmi Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında Türkiyə iqtisadiyyatının hazırkı durumundan danışarkən qeyd edib .
“Bütün bu problemlərə əlavə olaraq, Türkiyə güclü zəlzələ yaşadı. Fevralın 6-da baş verən zəlzələlər 53 mindən çox insanın həyatına son qoyub. Ümumilikdə 11 əyalət və 14 milyon insanı əhatə edən zəlzələnin iqtisadiyyatımıza dəymiş ziyanı 104 milyard dollar təşkil edib. Təkcə evlər deyil, istehsal müəssisələri də dağılıb”, - Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, Türkiyənin cənub-şərqində şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib: ticarət mərkəzləri dağılıb, istehsal müəssisələri bağlanıb.
Ərdoğan qeyd edib ki, fəlakət nəticəsində 170 minə yaxın iş yeri itirilib.
“Heç bir iqtisadiyyat, nə qədər inkişaf etməsindən asılı olmayaraq, Avropa və Amerika da daxil olmaqla, belə bir fəlakətin öhdəsindən asanlıqla gələ bilməz”, - o qeyd edib.
Xatırladaq ki, 6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərqindəki Kahramanmaraş şəhərində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu ölkələrdə hiss olunub.
Hüseyn İbadlı