Hollivud ulduzu Corc Kluni demokratları 2024-cü il prezident seçkiləri üçün yeni namizəd irəli sürməyə çağırıb.
Publika.az xəbər verir ki, məşhur aktyorun bu barədə "The New York Times" qəzetində köşə yazısı dərc olunub.
O, köşə yazısında Co Baydenin "qalib gələ bilməyəcəyini" iddia edib.
"Mən Co Baydeni sevirəm. Bir senator kimi, vitse-prezident və prezident kimi. Mən onu dost hesab edirəm və ona inanıram. Mən onun xarakterinə inanıram. Mənəvi dəyərlərinə də inanıram", - deyə yazan aktyor ötən həftə bir xeyriyyə tədbirində bir araya gəldiyi Baydenin artıq əvvəlki adam olmadığını bildirib.
“Biz bu prezidentlə noyabrda qalib gələ bilməyəcəyik. Bu, təkcə mənim fikrim deyil; bu, mənim təkbətək görüşdüyüm hər bir senator, konqresmen və qubernatorun fikridir", - Corc Kluni qeyd edib.
Kluni köşə yazısını bu cümlələrlə yekunlaşdırıb:
“Co Bayden qəhrəmandır; O, 2020-ci ildə demokratiyanı xilas etdi. 2024-cü ildə də bunu etməlidir".
Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin respublikaçı rəqibi Donald Trampla canlı yayımlanan debatdakı çıxışı tənqid edilib. Debatdan sonra bir çox insan Baydenə namizədlikdən geri çəkilməsi üçün çağırış edib. Lakin ABŞ prezidenti bu çağırışları rədd edir.
Ləman