Bu ilin 11-22 noyabr tarixində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində könüllülərlə işin səmərəli təşkili məqsədilə 2 iyun tarixində Könüllülər Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Dünya ictimaiyyətinin diqqət mərkəzində olan COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli payı öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür. Qlobal səviyyəli bu tədbirə könüllülərin yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə COP29 Sədrliyi tərəfindən təsis edilən Könüllülər Mərkəzi bugündən fəaliyyətə başlayıb.
Açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti cənab Muxtar Babayev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində rəsmi qonaqlar Mərkəzin iş fəaliyyətini yaxından izləyib, yaradılan şəraitlə əyani tanış olublar. Mərkəzdə könüllülərin unikal bacarıqlarının ən səmərəli şəkildə artırılması və əməkdaşlıq mədəniyyətinin təşviqi üçün inklüziv mühitin təmin ediləcəyi xüsusi vurğulanmışdır.
Qeyd edilmişdir ki, bir neçə gün öncə açıq elan edilən proqrama yalnız bir gün ərzində 9000 nəfərdən çox namizəd könüllülük üçün müraciət etmişdir ki, bu da bugünə qədər ölkədə keçirilmiş tədbirlərə müraciət trendləri ilə müqayisədə rekord göstəricidir. Cari ilin iyun və iyul ayları ərzində namizədlərin müsahibə və seçimləri, irəliləyən zamanda isə müsahibə və təlimləri uğurla tamamlayan seçilmiş 3000 nəfər könüllünün təlimi Mərkəzdə təşkil olunacaqdır. Sözügedən Mərkəzdə COP29 könüllüləri ümumi, iqlim və şəxsi inkişaf mövzuları daxil olmaqla ümumilikdə 10 fərqli istiqaməti əhatə edən təlimlərdə iştirak edəcəklər. Təlimlər könüllülərin iqlim konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılmasına və səriştələrinin artırılmasına xidmət edəcək.
Tədbirdə öz nitqi ilə çıxış edən cənab Babayev iştirakçılara seçim turları ərzində müvəffəqiyyətlər arzu edib və qeyd edib ki, ölkəmiz COP29-a ev sahibliyi missiyası və iqlim çağırışları ilə mübarizə çərçivəsində milli insan kapitalına və gənc peşəkarlarımıza güvənir.
Mərkəzlə tanışlıq turu zamanı COP29 rəsmiləri və qonaqlar COP29-un könüllüsünün divarda ağac formasında simvolik divar rəsminin çəkilməsi prosesini maraqla izləmiş, Nərmin Carçalova və Muxtar Babayev tərəfindən bir neçə toxunuşla kompozisiya tamamlanmışdır.
Xatırladaq ki, COP29 Könüllülük Proqramı tədbirin uğurla təşkilinə töhfə vermək istəyən hər kəs üçün açıqdır. Namizədlərin layihəyə qoşulmasını rahat və koordinasiyalı şəkildə təşkili məqsədilə 29 may tarixində volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilmişdir. Müraciətlərin bugünə olan sayı 14222-ni keçir. Platforma vasitəsilə maraqlı olan hər kəs 5 iyun tarixinədək qeydiyyatdan keçərək COP29 könüllüsü olmaq imkanı əldə edə bilər.
Qeydiyyat prosesi ilə bağlı yarana biləcək suallarla bağlı +994125352928 çağrı mərkəzi xidmət göstərir.