Yan Hueyan “Country Garden Holdings” Çin inkişaf holdinqinin sədr müavini vəzifəsində çalışır. Yan və onun ailəsinin şirkəti Çində ən böyük daşınmaz əmlak istehsalçısıdır. 23,9 milyard dollarlıq sərvətə sahib olan Yan, həm də ölkənin ən zəngin qadını hesab olunur.
Publika.az oxucuları Çinin ən varlı qadını ilə tanış edir.
Belə bir fikir var ki, Yan Hueyan bu qədər böyük sərvətə sahib olmaq üçün heç bir səy göstərməyib, şirkətin səhmləri ona atasından miras qalıb. Lakin bu iddia doğru deyil. Məlum olub ki, qız 14 yaşından holdinqin iclaslarında iştirak edir. Bizneslə yeniyetməlik illərindən maraqlanan qızcığaz atasını həmişə önəmli danışıqlarda müşayiət edib. Amerika Birləşmiş Ştatlarında universiteti bitirdikdən sonra, Yan atasının şirkətində satınalma meneceri vəzifəsini tutub, iki il sonra şirkəti birjaya çıxarıb və bir neçə milyard dollar qazanıb. Peşəkar xidmətlərinə görə, Yan şirkətin səhmlərinin 70%-ni alıb. İndi o, 57% paya sahibdir, lakin yenə də ən böyük səhmdar olaraq qalır.
Müəllim olmaq istəyirdi
Məktəbi bitirdikdən sonra qız valideynlərinin qayğısından qurtulmaq və müəllimlik peşəsinə yiyələnmək istəyirdi. Ona görə həmişə sosial sahəyə cəlb olunurdu. Bununla belə, atası Yanın universitetdə oxumasını və ailə biznesini davam etdirməsini təkid edirdi. Məlum oldu ki, bu, boş yerə deyil, çünki şirkəti yeni səviyyəyə qaldırmağı bacaran o oldu. Bununla belə, Yan arzusundan əl çəkmədi, lakin müəllim kimi dərs demədi, İngilis-Çin məktəblərinin ən böyük şəbəkəsini yaratdı və “Bright Scholar Education Holdings”ə rəhbərlik etməyə başladı.
Həyat tərzini gizli saxlayır
Yan şəxsi həyatını mümkün qədər gizli saxlamağa çalışır, yalnız o məlumdur ki, holdinqin sükanını bölüşdüyü Mançester Universitetinin məzunu Çen Çuna ilə evlənib. İctimaiyyət hələ də Yanın doğum tarixini və ya uşaqlarının olub-olmadığını bilmir. Qız iş yerində də məsafə saxlayır, yalnız şirkətin yüksək rəhbərliyi ilə şəxsi söhbətlərə icazə verir.
2008-ci ildə müflis olub
2008-ci ildə Yan Hueyan qlobal iqtisadi böhran üzündən demək olar ki, bütün var-dövlətini itirdi. Buna baxmayaraq, tezliklə Çinin ən varlı on adamı arasında yerini bərpa edərək, bir neçə ildən sonra siyahının zirvəsinə yüksəldi. Və 2018-ci ilin yanvarında bir neçə uğurlu əməliyyatlar Yana 4 gün ərzində 2,5 milyard dollar qazanmağa imkan verdi.
Aytən Məftun