ABŞ-da milyarderlər San-Fransiskodan şimalda şəhər tikəcəklərini elan etdikdən sonra bütün gözlər varlıların özləri üçün tikməyə çalışdıqları şəhərlərə çevrilib. Bill Qeyts və İlon Mask kimi məşhur milyarderlər ABŞ-da özləri üçün şəhərlər tikirlər.
Publika.az xəbər verir ki, dünyanın ən zəngin insanları ABŞ-ın hər yerində öz şəhərlərini tikirlər. Buna misal olaraq Kaliforniyanın Solano bölgəsində planlaşdırılan şəhəri göstərmək olar. Milyarderlərin dəstəklədiyi “California Forever” adlı şirkət San-Fransiskonun şimalında Travis Hərbi Bazasının yerləşdiyi Solano bölgəsində 20 min evdən ibarət şəhərin tikiləcəyini açıqlayıb.
Bu məqsədlə şirkət 2017-ci ildən 800 milyon dollar dəyərində 202 kvadrat kilometr torpaq sahəsi alıb. Şəhərin 400 min nəfər əhalisinin olması hədəflənir və bu layihənin arxasında Laurene Povell Cobs, Reid Hoffman, Marc Andreessen kimi milyarder adların olduğu bilinir.
Onların arasında "Apple"ın qurucusu Stiv Cobsun keçmiş arvadı Laurene Povell Cobs, "LinkedIN"in qurucusu Reid Hoffman və məşhur vençur kapitalisti Mark Andreessen kimi adlar var. Məlumdur ki, Loren Povel Cobsun 13 milyard dollar sərvəti, "LinkedIN" iş axtarış platformasının yaradıcısı Reid Hoffmanın 2,3 milyard dollar, vençur kapitalisti Mark Andreessenin isə 1,8 milyard dollar sərvəti var.
İlon Mask Texasda Starbase adlı şəhər yaratmağı hədəfləyir. Starbase Maskın kosmik şirkəti "SpaceX"in qərargahı olacaq. Mask Texas ştatının Ostin şəhəri yaxınlığında 24 kvadrat kilometr ərazi alıb və evlər tikməyə başlayıb. Texnologiya cəmiyyətinin ən tanınmış adlarından biri olan “Oracle”ın qurucusu Larri Ellison Havay adalarında bir ada alıb və öz şəhərciyini qurur.
Digərlərindən fərqli olaraq 124 milyard dollar sərvəti olan Ellison daha dəbdəbəli bir yanaşma mənimsəyib. “Bloomberg”ə görə, "Oracle" həmtəsisçisi 2012-ci ildə Havaydakı Lanai adasının 98 faizini təxminən 300 milyon ABŞ dollarına satın alıb. Ellison adada sağlamlıq mərkəzi olan bir kurort yaradıb və mövcud otelləri təmir edib.
“Architectural Digest”ə görə, təxminən 3000 insanın yaşadığı ada ultra zənginlərin sevimli yerinə çevrilib.
Aysel Şahmar