29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Böyük tərcüməçinin qızını, həmkarımızı xilas edək...

04 mar 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Özündən əvvəl atasını tanımışam. Orta məktəb illərində xarici ədəbiyyatı çox oxuyardım. Həmişə kitabın girişində redaktor və tərcüməçilərə baxırdım. Ən sevdiyim əsərlər onun atasının etdiyi tərcümələr olurdu. Onun Azərbaycan oxucusuna qazandırdığı mütaliə zövqü danılmazdı...

İllər sonra Azərbaycan Dövlət Radiosunun “Ədəbi dram” redaksiyasında işə başladım və sevdiyim tərcüməçinin qızı ilə də məhz burda tanış oldum. 20 yaşlarında həyat dolu, arzularla dolu bir dəstə gənc qız idik və hamımız bir böyüdük desəm, daha doğru olar. O, "Xalq yaradıcılığı" redaksiyasında çalışırdı.

Uzun illər keçsə də yenə bir yerdə, eyni məkanda həmkar kimi çalışırıq. Söhbət Günel Natiqdən gedir. Mənim sevimli, daim öz dünyasında gəzişən Günelimdən. Tərcümələrini sevə-sevə oxuduğum Natiq Səfərovun qızı Güneldən!..

Əslində, çox adam onun Natiq müəllimin qızı olduğunu bilmir. Göstərişsiz, bir az da özünə qapanıqdı Günel. Həm də həyat doludu. Dərdini, qüssəsini heç kimə bildirməz. Hərdən mənə elə gəlir ki, bir az da Tolstoysayağı yaşayır. Vurulan zərbələri səssizcə qarşılayır. İncidildiyi, küsdüyü yerdən sakitcə çəkib gedir...

Əslində darmadağınam...

Hisslərimi, düşüncələrimi necə ifadə edəcəyimi də bilmirəm. Qəribə bir boşluqdayam, adını da tapa bilmirəm bu boşluğun. İfrat insansevərəm, bəzən bu hiss məni çox incidir. Sevdiyim insanların itkisini, əzablarını sakitcə qəbullana bilmirəm. Əslində bu yazını Günel necə qarşılayacaq, onu da bilmirəm. Amma onun ölümlə Savaşına səssiz qala bilmirəm. Hər gün ağrıları, ümidsizliyi sonu görmək öldürür insanı. Sonu bilə-bilə yaşamaq, elə ölümün özünü yaşamaqdır...

Hərdən yanına gedirəm, əhvallaşırıq, zəngləşirik...

Hər adamla da ağrılarını bölüşmür. Qürurludur, özünü aciz, təslim olmuşluğunu heç büruzə vermir. 17 ildir bu ağır xəstəliklə səssizcə vuruşur. Əslində xəstəliyə təslim olmayıb, ətrafındakıların sevgisizliyi, laqeydliyi, duymazlığı mənən yorub onu. Xəstəlik və müalicə üçün götürülən bank kreditləri tükəndirib. Həmişə dik duran, özünəməxsus şirin, məxməri səsi şaqraq gülüşü ilə gizliyir bu ağrıları.

Amma nə qədər gizləsə də növbəti müayinə, növbəti kimyaterapiyalar onun səssiz hayqırtısıdır...

Bu səssiz hayqırışı eşidək, əzizlərim! 30 ildən bəridir Azərbaycan ədəbiyyatına, tarixinə, etnoqrafiyasına, maddi-mənəvi dəyərlərinə saysız-hesabsız verilişlər həsr edən, hər dəfə maraqlı müsahibə və yazıları ilə oxucusunun görüşünə gələn Günelimizi xilas edək ölümün cəngindən.

“Ədəbi talelər”, “Kağız gəmilər” kimi kitabların müəllifi hələ neçə-neçə əsərləri ilə Azərbaycan ədəbiyyatına, jurnalist fəaliyyəti ilə mediamıza töhfələr verə bilər.

İnsan onun üçün çırpınan adamları görəndə həyata tutunur. Onun həyata tutunmasına dəstək olaq. Günel güclüdür, yenəcək bu mərhələni də. Buna inanıram.

“Seva, xəstəliyimin ağırlaşdığı son 5-6 ili necə yaşadım bilmirəm. Bilmədim, müalicə üçün götürdüyüm bank kreditinin fikrini çəkim ya xəstəliyimin... Maddi qayğılar, problemlər və xəstəlik arasında çırpınmalar yordu, bezdirdi məni..."

Bu illər ərzində ilk dəfə idi ki, Günelin tükəndiyini gördüm. Elə bu söz məni darmadağın etdi. Bu yazını da müraciəti də etməyə bilmirəm. Səssiz qalmaq məni boğur...

Bütün media əhlinə, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və son ümidim olan Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya üz tuturam. Xahiş edirəm ağır xəstəliklə çətin şərtlər altında savaşan söz, qələm adamına dəstək olaq. Ölümünü diriykən yaşamasına icazə verməyək. Onun üçün çırpındığımıza tutunsun, sevgimizin istiliyinə sığınıb yensin bu imtahanı da...

Şəfqətinizə sığınıram!

Sevda Hüseyn


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur