Nasir, tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Çingiz Hüseynov.
Görkəmli ədəbiyyatşünas bu gün 94 yaşında Qüdsdə vəfat edib.
Publika.az Çingiz Hüseynovla bağlı maraqlı məqamları təqdim edir.
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olub, ikinci kursdan təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib.
İlk mətbu əsəri 1955-ci ildə "Bakinski raboçi" qəzetində işıq üzü görüb. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmağa başlayıb.
Yazıçı uzun illər SSRİ Yazıçılar İttifaqının Milli Ədəbiyyatlar Komissiyasında çalışıb. Düz 25 il SSRİ Yazıçılar İttifaqının partiya təşkilatının sədri olub. Bununla yanaşı, Çingiz Hüseynov Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun kimi bir sıra Azərbaycan yazıçı və şairlərinin yaradıcılığından bəhs edən bir çox elmi məqalələrin müəllifidir. Onun rəhbərliyilə 40-dan çox insan elmlər namizədi və elmlər doktoru dərəcələri alıb.
“Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Novruzgülü”, “Adını demədi”, “Küncdəki ev”, “Məhəmməd, Məmməd, Məmiş”, “Adalar”, “Bakı”, “Şərq süjetləri”, “Zərurilik”, “Fətəli Fəthi”, “Ailə sirləri”, “İgra direktoriyası”, “Doktor N” kimi forma və məzmunca ziddiyyətli dramatik süjetli əsərləri ona böyük şöhrət gətirib.
Çingiz Hüseynovun hər biri ədəbi hadisə sayılan əsərləri hər kəsin oxuyub dərk edə biləcəyi adi əsərlər deyil. “Yazıçı ədalətli olmalı, həqiqəti yazmalı, məddahlıqdan uzaq olmalıdır” deyən ustad yazıçının bütün ədəbi və sənət təriflərinə layiq əsərləri, xüsusilə ədəbiyyatın hardasa dalana dirəndiyi indiki zamanda, gənclərə, yeniyetmələrə ədəbiyyatı sevdirmək baxımından örnək sayıla bilər.
Çingiz Hüseynov müasir nəsrimizdə ancaq özü olan yazıçıdır. O olduqca sadə, gülərüz, səmimi, güclü iradəyə malik, ən əsası, özünə hörmət qazanmağı bacaran insan idi. Onun ölüm xəbəri ədəbiyyat və elm adamlarını dərindən kədərləndirdi. Sözün əsl mənasında Azərbaycan ədəbiyyatının nəhəg bir yazıçısı əbədiyyətə qovuşdu. Həyatdan alnıaçıq köçdü, yaltaqlıqdan, məddahlıqdan uzaq oldu hər zaman.
“Xırda həqiqətləri yox, böyük həqiqətləri yazmaq lazımdır” deyən görkəmli yazıçı parlaq istedadı, əsərləri, şəxsiyyəti və vətəndaş mövqeyi ilə əsl nümunə idi…
Elə buradaca yazımı əməkdar jurnalist, yazıçı-publisist Bahəddin Həzinin Çingiz Hüseynovun ölümü ilə bağlı paylaşdığı fikirlərlə tamamlamaq istəyirəm. Böyük yazıçıya yaraşan vida sözü ilə...
Bir kitab da yazıldı, oxundu və... bitdi. Çox qiymətli və maraqlı bir kitabı oxuyub bitirəndə insan sanki əzizini itirmiş kimi olur. Bu dəfə əzizimiz Çingiz Hüseynovu itirdik.
Balaca pəncərədən baxırsansa, şəxsiyyəti bütün böyüklüyü ilə görə bilməzsən. Bədii sözə, fəlsəfi fikrə qoyulmuş əzəmətli, monumental bir abidəydi. Yazıçı kimi usta, insan kimi insan, əsl Azərbaycanlı.
Fikirləri çox qiymətliydi. Özü isə çox dəyərlidir. Unutmayacağıq.
Biz Sizi sevirik, Çingiz müəllim!
Sizin bizi sevdiyiniz qədər.
Bəlkə də çox...
Cəmilə Hətəmxanova