Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Publika.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.
“Biz hamımız görürük ki, hazırda Ermənistanda nə qədər mürəkkəb daxili siyasi vəziyyət yaranır, ölkə daxilində qarşıdurma necə sürətlə pisləşir. Və təbii ki, müxtəlif insanların ciddi emosional təzyiqə qarşı necə fərqli müqaviməti var. Bunu başa düşə bilərik. Bizim başa düşə bilmədiyimiz budur ki, Belarusun bununla nə əlaqəsi var?", - Anatoli Qlaz deyib.
Onun sözlərinə görə, məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
"Vəziyyətin inkişafını nəzərə alaraq, səfirimiz tezliklə Yerevandan Minskə gələcək", - Anatoli Qlaz bildirib.
O vurğulayıb ki, Ermənistanda kimsə diqqəti daxili problemlərdən yayındırmaq üçün xarici düşmən amilini ortaya atıbsa, bu, heç də uzaqgörən mövqe deyil.
Hüseyn İbadlı