Əli Əsədov qərarlar imzaladı
Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.
Qutb.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli mətbuatın suallarına cavabında deyilir.
Qeyd olunub ki, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasiyasına qoşulur.
Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.
Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.
Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.