Şəxsiyyət vəsiqəsi və bank kartı bəzi mağazalarda girov kimi saxlanılır.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, bəzi mağazalarda əşyaları və ya geyimi kirayə götürdükdə şəxsiyyət vəsiqəsi tələb olunur. Daha dəqiq desək, beh qoyursan və şəxsiyyət vəsiqəsini təqdim edirsən. Əşyanı qaytardıqda isə şəxsiyyət vəsiqəni geri götürürsən.
Bəzi satış yerlərində nəinki şəxsiyyət vəsiqəsi, hətta bank kartlarınıda girov qoymaq təklif olunur.
Bir çox insan başına gələ biləcək təhlükədən xəbərsizcəsinə vəsiqəsini tanımadığı şəxsə əmanət edir. Bəzi şəxslər isə məlumatlı olsa da yenə bu vasitədən istifadə edir.
Hüquqşünasların sözlərinə görə, şəxsiyyət vəsiqəsi və ya bank kartlarını hər hansı əşyanı verərkən girov kimi saxlamaq qanunsuzluqdur.
Hüquqşünas Şamil Paşayev bildirir ki, kirayəyə əşya götürdükdə tərəflər arasında icarə müqaviləsi bağlanılmalıdır. Əks halda, tərəflərin heç bir öhdəliyi yoxdur.
Qeyd edək ki, şəxsiyyət vəsiqəsini girov götürən şəxs İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manatdan 800 manatadək cərimə oluna bilər.