29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda ABŞ və İtaliya texnologiyası ilə avtomobil istehsal olunacaq

23 yan 2024 11:00
GÜNDƏM
ads

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev prezidentliyə namizədlər üçün təşkil edilən debatda ölkəmizdə avtomobil istehsalının səviyyəsinə diqqət çəkib. İddia edib ki, Azərbaycanda istehsal olunan avtomobillər yüksək standartlara cavab vermir və alıcısı yoxdur. Deputatın sözlərinə görə, indiyə qədər ötən vaxt ərzində Azərbaycana ABŞ-nin, Cənubi Koreyanın, Yaponiyanın, Almaniyanın avtomobil istehsal edən şirkətləri dəvət edilməli, Naxçıvan Muxtar Respublikası minik avtomobilləri, Gəncə şəhəri yük avtomobilləri və kənd təsərrüfatı texnikaları istehsal edən mərkəzlərə çevrilməliydi.

Publika.az xəbər verir ki, BAXCP sədrinin səsləndirdiyi fikirlərə münasibət öyrənmək, həmçinin Azərbaycanda avtomobil istehsalı sahəsində vəziyyət, görülən işlər və sairlə bağlı məlumat əldə etmək üçün Medianews.az İqtisadiyyat Nazirliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirildi ki, Azərbaycanda avtomobil istehsalı sahəsinin inkişafına uzunmüddətli strateji hədəf kimi baxılır. Məlumata görə, minik avtomobillərinə olan tələbatın bir qisminin yerli istehsal hesabına ödənilməsi, idxalın azaldılması və ölkədən bu baxımdan valyuta çıxışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür: “Ölkədə avtomobil istehsalının stimullaşdırılması məqsədi ilə dövlət tərəfindən indiyə qədər bir sıra dəstək tədbirləri həyata keçirilib. Qanunvericilikdə həyata keçirilən dəyişikliklərlə əsasən, yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet və gömrük ərazisinə müvəqqəti gətirilənlər istisna olmaqla) ölkəyə gətirilməsi məhdudlaşdırılıb, avtomobillərin sənaye üsulu ilə yığımı məqsədi ilə ehtiyat hissələrin idxalı gömrük rüsumlarından və ƏDV-dən, habelə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad edilib”.

Nazirlikdən verilən məlumata görə, görülmüş işlərin nəticəsi olaraq ölkədə avtomobil istehsalında ildən ilə artım müşahidə olunur: “Azərbaycanda 2021-ci ildə 2400-ə, 2022-ci ildə 2600-ə yaxın, 2023-cü ildə 4600-dən çox avtomobil istehsal olunub. Avtomobillərin istehsalı və satışı tendensiyası göstərir ki, bu avtomobillərə əhali arasında maraq var. Qiymətin əlçatan olması avtomobillərin rəqabət qabiliyyətini artıran faktorlardandır. Hazırda Naxçıvan, Gəncə və Neftçalada avtomobil istehsalı müəssisələri var. Uğurlu istehsal təcrübələrinə malik “Uzavtosanoat” şirkəti ilə birgə istehsalın həyata keçirilməsi uzunmüddətli dövrdə ölkəmizdə avtomobilqayırma sahəsinin inkişafına öz töhfəsini verəcəkdir. Bundan əlavə, ölkəmizdə avtobus, yük maşınları və digər nəqliyyat vasitələrinin istehsalı ilə bağlı müvafiq iş aparılır və gələcəkdə bu sahənin də təşkili iqtisadi inkişaf üçün əlavə imkanlar yaradacaqdır”.

Nazirlikdən bildirildi ki, avtomobil sənayesinin daha da modernləşdirilməsi, yüksək keyfiyyət göstəricilərinə uyğunlaşdırılması istiqamətində “Azərmaş” ASC ilə Özbəkistanın “UzAuto Motors” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub: “Hazırda Hacıqabul Sənaye Məhəlləsində “Chevrolet” brendinin “Nexia”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” modelləri və sair markalı avtomobillər istehsal olunur. Avtomobil sənayesində istehsal prosesinin gücləndirilməsi məqsədilə 2023-cü ilin may ayında Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulmuş boyaq, qaynaq müəssisəsində istehsalın daha dərin lokallaşdırılması nəzərdə tutulur. ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olması nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. İstehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara ixrac olunacaq”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur