Son günlər ölkənin müxtəlif bölgələrində azyaşlı uşaqların evdən qaçması halları artmaqdadır. Tovuzda, Xaçmazda evdən çıxan azyaşlılar Gəncədə tapılır. Bəs bu uşaqları evdən, məktəbdən, dərsdən, valideynlərdən qaçmağa vadar edən nədir?
Qutb.az bununla bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.
Kamran Əsədovun fikrincə, bu hallar sadəcə fiziki qaçış deyil – bu, psixoloji bir etirazın nəticəsidir. Ekspert bildirir ki, qaçan uşaqlar Gəncəyə Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyə getməyiblər – onlar boğucu mühitdən uzaqlaşmaq istəyiblər: “Valideyndən, məktəbdən, dərsdən, hazırlıqdan, testdən, stressdən, boğucu binalardan qaçıblar.”
Kamran Əsədov uşaqların yaşadığı reallığın onları fiziki və mənəvi baxımdan sıxdığını qeyd edir. Onun fikrincə, pandemiya dövründə təhsilə dəstək məqsədilə uşaqlara verilən telefonlar zamanla onları fərqli istiqamətlərə yönəldib: “Sorğular göstərir ki, uşaqlar çətin imtahanlardan, qəliz kitablardan, hazırlıq dərslərindən beziblər.”
Ekspert uşaqların asudə vaxtının olmadığını vurğulayır. Onun sözlərinə görə, Bakıda parklar çayxanaya, oyun meydançaları qəlyanxanaya çevrilib. “Uşaqlıq darıxır. Uşaqlar nəfəs ala bilmir. Və bu cəmiyyət, bu təhsil sistemi onların tənəffüsünü əllərindən alır,” – deyə Əsədov bildirir.
Kamran Əsədov hesab edir ki, azyaşlıların qaçışı sadəcə təhlükəsizlik məsələsi deyil, həm də sosial və psixoloji bir problemdir: “Nəsə düz getmir, cənablar. Çox şey düz getmir. Amma heç kim dayanıb soruşmur: bu uşaqlar hara qaçır? Əslində onlar bizdən qaçır.”
Uşaqların psixoloji durumu və sosial təzyiqlər fonunda baş verən bu qaçışlar, həm ailələrin, həm də təhsil sisteminin təcili olaraq problemləri dərin analiz etməsinin vacibliyini göstərir. Əks halda, gələcəyin cəmiyyətini formalaşdıracaq bu nəsil, mövcud sistemin içində itib gedəcək.