Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib. Bu, o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 manatdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir.
Bu zaman ortaya belə bir sual çıxır: Azərbaycanlılar niyə çox içir? Bunun səbəbi nədir?
Məsələ ilə bağlı sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub Publika.az-a açıqlama verib.
O qeyd edib ki, ölkədə spirtli içkilərin çox istehlak edilməsinin müxtəlif səbəbləri var:
“Bunlardan biri xarakterlə bağlıdır. Məsələn, Azərbaycanın müəyyən bölgələrində spirtli içkilərin istehlakı daha çoxdur. Həmin bölgədə yaşayan insanlar pozitivdirlər. Yəni, el arasında demişkən, yeyib-içəndirlər. İkinci səbəb uzun illər Sovet İttifaqında olmağımız, ruslarla qaynayıb, qarışmağımızdır. Təəssüflər olsun ki, onlardan bəzi xoşagəlməz ənənələri götürmüşük. İçki də onlardan biridir. Məlumdur ki, spirtli içkilərin istehlakında ruslar dünyada ön sıralarda qərarlaşıblar. Üçüncü səbəb isə əlçatanlıqdır. Qonşu Türkiyədə spirtli içkilərin əlçatanlığı bizim qədər deyil, onlarda çox azdır. Bütün məkanlarda spirtli içkilər verilmir, hər marketdə spirtli içkilər satılmır. Spirtli içkilərin verilmə məkanı məhduddur, konkret yerlərdə satılır. Bu da spirtli içkinin istehlakının azalmasına kömək edir.
Dördüncü səbəbi isə psixoloqlar deyir. Onların sözlərinə görə, bəzi davranışların məntiqli əsası yoxdur. Spritli içkilərin bizdə çox olmasının səbəbi insanların intellektual vərdişlərinin az olmasıdır. Ona görə ki, insanlarda kitab oxumaq vərdişi azdır, asudə vaxtlarını səmərəli keçirmirlər. Bunlar mühüm səbəblərdir. Başqa bir səbəb insanlar arasında depressiyanın çox olmasıdır. Stres və depressiyanın çox olması spirtli içklərin aşırı dərəcədə istehlak edilməsinə səbəb olur”.
Aysel Şahmar