Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcuddur.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda deyib.
Görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir C.Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnuniyyətlə vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlər üçün vacibliyini qeyd edib. Nazir, həmçinin Azərbaycan və Türkiyə dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.
H.Akar öz növbəsində qonaqpərvərliyə və xoş qəbula görə təşəkkürlərini bildirib, ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstək səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin gələcək perspektivlərindən məmnuniyyət ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.