“Beynəlxalq Enerji Agentliyi (IEA)-COP29” üçüncü yüksək səviyyəli dialoq bu ilin sentyabrında ABŞ-də baş tutacaq.
Publika.az xəbər verir ki, bunu “Report”a açıqlamasında COP29-un prezidenti Muxtar Babayev deyib.
“Agentliyin rəhbəri Fatih Birolun iştirakı ilə əvvəlki “IEA-COP29” dialoqu iyunda Londonda keçirilib. Növbəti görüşümüz bu formatda olacaq. Üçüncü yüksək səviyyəli dialoq bu ilin sentyabrında Nyu-Yorkda baş tutacaq”, - o vurğulayıb.
Qeyd edək ki, F.Birol və M.Babayevin həmsədrliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi ilə sıx əməkdaşlıq şəraitində keçirilən dialoqlar energetika sahəsinin inkişafı, sənaye emissiyalarını sıfıra endirmək və qlobal istiləşməni 1,5 °C-ə qədər məhdudlaşdırmaq yolları ilə bağlı beynəlxalq konsensusun yaradılmasını davam etdirməyə yönəlib.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.