28 May - Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Tədbirlərdə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar təşkil olunub, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müdafiə nazirinin 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb. Çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıblar.
Qeyd olunub ki, müasir Azərbaycan Ulu Öndərin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyini möhkəmləndirib, Azərbaycanın beynəlxalq mövqeyi güclənib. Bu gün onun müdrik siyasətini uğurla davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilərək bütün sahələrdə inkişaf etdiyi xüsusi vurğulanıb.
Müstəqillik Günü münasibətilə, həmçinin şəxsi heyət üçün ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin dahi şəxsiyyətlərinin ev muzeyləri, abidə və digər tarixi yerlər, şəhidlərimizin məzarları ziyarət edilib.
Silsilə tədbirlərdə “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.
Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub.
Tədbirlərin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanla mükafatlandırılıb.