07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Azərbaycan-İsrail mütəffiqliyi kimlər hədəfə ALIR...

05 iyn 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və çoxqatlı xarakter daşıyır. Dövlətlərin xarici siyasət seçimləri bir çox regional və qlobal amillərin təsiri ilə formalaşır və hər zaman fərqli kontekstlərdə dəyərləndirilə bilər. Bu baxımdan siyasi proseslərə yalnız zahiri görüntülərdən çıxış edərək qiymət vermək yanlış nəticələrə səbəb ola bilər.

Xüsusilə media və ictimai müzakirə platformalarında səsləndirilən fikirlər əsaslı arqumentlərə, tarixi reallıqlara və obyektiv faktlara söykənməlidir. Əks halda, emosional və təhrif edilmiş yanaşmalar ictimai rəyə təsir edərək dost və qardaş xalqlar arasında anlaşılmazlıq və gərginlik yaradacaq yanlış təəssüratlar doğura bilər.

Türkiyə və Azərbaycan kimi qardaş ölkələr arasında münasibətlərdə isə bu məsuliyyət daha da böyükdür. Çünki bu münasibətlər təkcə diplomatik deyil, həm də tarixi, mənəvi və mədəni bağlara əsaslanır. Bu baxımdan ictimai diskursda, xüsusilə də medialarda ritorika diqqətlə seçilməli, hər bir fikir milli maraqlara və regional sabitliyə uyğun şəkildə ifadə edilməlidir. Dövlətlərin suveren qərarları, hüquqi əsaslar və qarşılıqlı hörmət prinsipi bu yanaşmanın əsasını təşkil etməlidir.

Təəssüf doğuran məqam odur ki, son zamanlar qardaş Türkiyənin bəzi media qurumlarında radikal baxışlara və dar ideoloji çevrələrin təsiri ilə formalaşan fikirlərin yer aldığı yazılara rast gəlinir. Bu yazıların müəllifləri - bəzən köşə yazarları, bəzən özünü ekspert kimi təqdim edən şəxslər Azərbaycan ilə İsrail arasındakı münasibətləri birtərəfli və emosional şəkildə təhlil edir, hadisələri tarixi və geosiyasi reallıqlardan uzaqlaşdırmağa çalışırlar. Belə yanaşmalar, məqsədindən asılı olmayaraq, qardaş ölkədə Azərbaycanla bağlı yanlış təəssürat yarada bilər.

Son günlərdə “Habererk.com” xəbər saytında Sadi Özgül imzası ilə dərc olunmuş məqalə də bu tendensiyanın nümunəsi kimi diqqət çəkir. Həmin yazıda Azərbaycan ilə İsrail arasında mövcud olan əməkdaşlıq əlaqələri qərəzli və emosional dəyərləndirmələrlə “sinsi planlar”, “bölücülük”, “etnik parçalanma” kimi təhlükəli ifadələrlə təqdim olunur.

Lakin belə yanaşmalar nə geosiyasi reallıqları əks etdirir, nə də qardaş xalqlar arasında strateji münasibətlərə hörmətlə yanaşan məsuliyyətli baxış bucağından doğur. Regionun mürəkkəb təhlükəsizlik mühiti, dövlətlərin öz suveren maraqlarına uyğun qərarvermə hüququ və diplomatik balansı qoruma səyləri kontekstində bu cür ittihamlar ictimai çaşqınlıq yaradır, eyni zamanda ortaq tarixi dəyərlər üzərində qurulmuş Türkiyə-Azərbaycan qardaşlığına zərər yetirə biləcək informasiya manipulyasiyasına çevrilir.
 

Hərbi dəstək və 30 ilin reallığı
 

Müəllifin İsrailin hərbi dəstəyini şişirdilməsi barədə fikirləri birtərəfli yanaşmadır. 2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə yalnız hərbi texnika ilə deyil, xalqın birliyi, ordunun fədakarlığı, siyasi iradə və Azərbaycan-Türkiyə strateji həmrəyliyinin nəticəsidir.

İsrailin müharibədən əvvəl verdiyi hərbi və diplomatik dəstək bu birliyi və Türkiyənin dəstəyini zəiflətmir. Azərbaycan üçün Türkiyə ilə dostluq və müttəfiqlik hər zaman prioritet olub və bu, uzun illər boyu sübut olunmuş strateji həqiqətdir.

Unutmaq olmaz ki, Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğu 30 il ərzində dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar bu haqsızlığa susdu, bəziləri isə təzyiq və ikili standartlarla çıxış etdi. Bu çətin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında ən böyük pay sahibi olan ölkə Türkiyə oldu. Türkiyənin dövlət başçıları, parlament üzvləri, media orqanları, vətəndaş cəmiyyəti daim Azərbaycanın yanında oldu, beynəlxalq platformalarda bu işğala qarşı səsini yüksəltdi. Türkiyə Cümhuriyyətinin “bir millət, iki dövlət” prinsipi əsasında verdiyi dəstək Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb.

Eyni zamanda, İsrail həm texnoloji dəstək, həm də beynəlxalq səviyyədə Azərbaycanı müdafiə etməklə vacib rol oynayıb. ABŞ-da erməni lobbiçiliyinə qarşı yəhudi icmalarının dəstəyi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib. İsrailin dəstəyi Azərbaycan üçün strateji tərəfdaşlıqdır və Türkiyə ilə möhkəm müttəfiqlik münasibətlərinə zidd deyil. Bu üçtərəfli əməkdaşlıq Azərbaycanın hərbi və diplomatik gücünü artıran əsas amillərdəndir.

İsrailin bölgədəki rolu: qərəzli şərhlərə yer yoxdur
 

Azərbaycanın İsrail ilə münasibətləri müəllifin iddia etdiyi kimi heç vaxt bölgədə qarşıdurma və gərginlik yaratmaq məqsədi daşımayıb. Bu əlaqələr Azərbaycanın suveren xarici siyasətinin təbii bir hissəsidir və ölkəmizin milli maraqlarına uyğun formalaşıb. Azərbaycan heç bir zaman başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək və ya onların suverenliyinə hörmətsizlik etmək niyyətində olmayıb.

Xüsusilə Güney Azərbaycan məsələsində Azərbaycan dövləti uzun illərdir ki, beynəlxalq hüququn prinsiplərinə və dövlətlərarası qarşılıqlı hörmətə sadiq qalaraq, heç vaxt bu mövzunu siyasi təzyiq və ya təxribat vasitəsi kimi istifadə etməyib. “Sionist koridoru” kimi qərəzli və radikal dini cərəyanların nümayəndələrinin istifadə etdiyi terminlər reallığı əks etdirmir və yalnız konspirasiya nəzəriyyələri ilə qidalanan yanaşmanın məhsuludur. Bu cür ifadələr qardaş xalqlar arasında süni nifaq yaratmağa, təməlində dostluq və qarşılıqlı anlaşma olan əlaqələrə kölgə salmağa xidmət edir.
 

Neft satışı qanuni ticarət qaydalarına əsaslanır
 

Sözügedən məqalədə Azərbaycanın neft ticarəti ilə bağlı səsləndirilən bəzi iddialar, təəssüf ki, beynəlxalq enerji bazarının necə işlədiyi barədə məlumatsızlıqdan irəli gəlir. Müəllif yenə də burada “gizli plan” axtarışındadır və konspirasiya nəzəriyyələrinə üz tutaraq radikal ideoloji baxışlarını əks etdirib.

Rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, Azərbaycan nefti beynəlxalq bazara Ceyhan limanı vasitəsilə çıxarılır və bu nöqtədən sonra həmin məhsulun hansı ölkəyə satıldığına Azərbaycan nə texniki, nə də hüquqi olaraq müdaxilə edə bilir. Bu, qlobal enerji bazarlarının universal prinsipidir və bütün ixracatçı ölkələr üçün eynidir.

Bunun fərqində olmadan səsləndirilən ittihamlar isə istər-istəməz ictimai rəyə təsir edən, lakin reallıqla uzlaşmayan yanlış narrativlər formalaşdırır.
 

Türk dünyası ilə bağlı təhlükəli fikirlər…
 

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki suveren dövlət arasında əlaqələrdən ibarət deyil, bütöv Türk dünyasının strateji dayağı və gələcək birliyinin əsas sütunudur. Bu münasibətlər milli və tarixi köklərə əsaslanır, qarşılıqlı hörmət və etimada söykənir. Azərbaycan heç vaxt bu dəyərləri və əlaqələri zədələyəcək addımlar atmayıb, əksinə, onları daim möhkəmləndirməyə çalışıb. Prezident İlham Əliyevin sözləri ilə desək, “bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”.

Türk Dövlətləri Təşkilatının güclənməsi isə Azərbaycanın əsas regional prioritetlərindən biridir və bu istiqamətdə Bakı fəal diplomatiya aparır. Bu təşkilatın inkişafı, Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını dərinləşdirmək baxımından vacibdir.

İsraillə münasibətlər Azərbaycanın bu dostluq və strateji həmrəyliyə alternativ və ya zidd deyil. Azərbaycanın müstəqil dövlət kimi xarici siyasəti müxtəlif ölkələrlə balanslı və çoxşaxəli əməkdaşlıqlar qurmaq üzərində qurulub. Bu, hər bir müasir dövlətin təbii hüququdur. Türkiyə də uzun illərdir İsrail ilə diplomatik əlaqələr saxlayır və bu münasibətlər Türkiyənin Fələstin məsələsindəki prinsipial mövqeyinə heç vaxt mənfi təsir göstərməyib. Azərbaycan üçün də eyni yanaşma keçərlidir. Azərbaycan-Türkiyə qardaşlığı və Azərbaycan-İsrail müttəfiqliyi paralel, bir-birini tamamlayan və qarşılıqlı anlaşmaya söykənən xarici siyasət komponentləridir.

Nəticə etibarilə, Azərbaycan-İsrail münasibətləri şəffaf, hüquqa əsaslanan və qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdır. Bu münasibətlər Azərbaycanın heç bir qonşusuna və tərəfdaşına qarşı yönəlməyib. Azərbaycan dövləti suveren qərarlarını özü verir və bu qərarlar yalnız ölkənin təhlükəsizliyi, inkişafı və qlobal diplomatik maraqları ilə müəyyən olunur. Ən önəmlisi isə budur ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yalnız dostluq deyil, qardaşlıq münasibətləridir.

Azərbaycan-İsrail münasibətlərini hədəfə alan bu çevrələr dolayısı ilə Türkiyənin illərdir yürütdüyü müstəqil və çoxtərəfli xarici siyasət xəttini, hətta Atatürkün müəyyənləşdirdiyi praqmatik diplomatiya prinsiplərini gözdən salmağa çalışırlar.

Mediada yayılan fikirlər obyektiv məlumatlara və reallıqlara söykənməlidir. Türkiyə mediasında qərəzli fikirlər səsləndirən Sadi Özgül və onunla eyni radikal dini-ideoloji fikirlər səsləndirlən analitiklər və jurnalistlər unutmamalıdır ki, diplomatik münasibətlər şəxsi simpatiyalar və ideoloji yanaşmalarla deyil, milli maraqlar, uzunmüddətli tərəfdaşlıqlar və qarşılıqlı etimad üzərində qurulur.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur