Sumqayıt–Pirşağı istiqamətində qatar reyslərinin sayı azaldılır
"XIX əsrin sonlarında maarifçi ziyalılarımızın gərgin əməyi və fədakar mübarizəsi nəticəsində Azərbaycanın ictimai-siyasi düşüncəsində dönüş baş verdi. Bu ideoloji zəmin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə nəticələndi. AXC xalqımızın tarixində yalnız müstəqil dövlət quruculuğu deyil, həm də milli kimliyin formalaşması baxımından həlledici mərhələ oldu."
Milli Məclisin deputatı Cavanşır Feyziyev bu sözləri Qutb.az-a açıqlamasında deyib.
"Qısa müddət yaşamasına baxmayaraq, AXC müstəqillik tariximizin sarsılmaz təməlini qoydu. İlk dəfə olaraq xalqımız öz suveren hüquqlarına sahib çıxdı və dövlətçiliyini beynəlxalq aləmdə bəyan etdi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, 1993-cü ildən başlayaraq isə müstəqil dövlət quruculuğu AXC-nin ideallarını gerçəkliyə çevirdi. Bu günkü Azərbaycan Respublikası 107 il öncə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi çıxış edir.
M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” ifadəsi bu idealların əbədiliyini təsdiqləyir. 1920-ci ildə AXC süquta uğradı və bayraq endirildi. Lakin Azərbaycan xalqı öz tarixi missiyasını unutmadı. 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız bir daha müstəqillik yoluna qayıtdı və o endirilmiş bayraq yenidən yüksəldi.
Heydər Əliyev siyasi kursu Azərbaycanın müstəqilliyini “əbədi, dönməz və sarsılmaz” etdi. Bu kursun davamçısı Prezident İlham Əliyev ölkəmizin tam suverenliyini təmin etdi və Azərbaycanı regionun lider dövlətinə çevirdi. 2020-ci ildə əldə edilən tarixi Qələbə və sonrakı quruculuq işləri bunun ən parlaq sübutudur.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin əsrlər əvvəldən tutduğu yol, müəyyən etdiyi məqsəd və prinsiplər bu gün qətiyyətlə, ardıcıllıqla və böyük uğurla həyata keçirilir. Bu günkü Azərbaycan – azad, qüdrətli və demokratik dövlət – 1918-ci il ideallarının müasir dövrdə təntənəli təcəssümüdür."