Bakıdan Zərdaba qonaq gedən yeniyetmə qızın meyiti tapılıb
Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Respublikasına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən Qutb.az-a verilən xəbərə görə, səfərdə məqsəd Qazaxıstanda keçiriləcək Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etməkdir.
Bildirilib ki, Qazaxıstanın paytaxtı Nursultan şəhərində 14-15 sentyabr tarixlərində keçiriləcək qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
Qurultayın budəfəki mövzusu “Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu”dur.
Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam A. Paşazadə sentyabrın 13-də Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin sədrliyi ilə keçiriləcək Qurultay Katibliyinin iclasında iştirak edəcəkdir. Sentyabrın 14-də Şeyxülislam Allahşükür Paşazadə VII Qurultayda iştirak edəcək, plenar iclasda çıxış edəcəkdir.
Qurultayın açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iştirak edəcək. BMT Baş Katibi Antoniu Qutterişin videomüraciətlə Qurultay iştirakçılarına müraciəti nəzərdə tutulur.
Qurultayların daimi iştirakçısı olan Şeyxülislam Allahşükür Paşazadənin bu səfəri zamanı, həmişə olduğu kimi, Qazaxıstanın ali rəhbərliyi və tədbir çərçivəsində dünyanın nüfuzlu dini liderləri, o cümlədən, Roma Papası Fransisk həzrətləri və Vatikan rəsmiləri, habelə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib ilə görüşləri, dünyanın tanınmış media qurumlarına müsahibələri nəzərdə tutulur.
Səfər 16 sentyabradək davam edəcək.