ABŞ Sakit okeanda hərbi hazırlıqlarını bütün sürəti ilə davam etdirir. Regionda nüvə bombardmançıları uçurur və 2027-ci ildə Çin ilə müharibə olacağı təqdirdə yerləşdirilən döyüş maşınlarına lazer silahları quraşdırır. Bundan başqa Almaniya Sakit okeanda hərbi baza yaratmağa hazırlaşır.
Publika.az xəbər verir ki, noyabr ayında ABŞ Sakit Okeandakı ən böyük dəniz bazası olan Pearl Harborda (Havay ştatı) Çinə qarşı kütləvi döyüş təlimi keçib. Təlim zamanı ABŞ-ın Çinlə mümkün müharibədə piyada və paraşüt birləşmələri ilə hücuma keçməyi planlaşdırdığı, həmçinin lazer silahları ilə təchiz edilmiş döyüş gəmiləri ilə müdafiə olunacağı məlum olub.
ABŞ-ın qlobal müdafiə nəşri “Military.com”un paylaşdığı məlumata görə, Pentaqonun yeni Asiya strategiyası ilə bağlı təlimlər sürətləndirilib.
ABŞ-ın Dəniz Müştərək Fəaliyyətləri (MCA) strategiyası çərçivəsində ikinci dəfə həyata keçirilən manevrdə nüvə bombası daşıyan B-52H bombardmançı təyyarələrindən ilk dəfə istifadə edilib. ABŞ-ın Qərbi Sakit okean bölgəsindəki Quam adasındakı Andersen aviabazasından havaya qalxan təyyarələr Çinə qarşı güc nümayişi edib.
Çin həmçinin Cənub və Şərqi Çin dənizləri yaxınlığında patrulluq edən B-52-lərə qarşı sərt bəyanatla çıxış edib. ABŞ və Filippinin Cənubi Çin dənizində gərginliyi artıran fəaliyyətlər həyata keçirdiyinə dair açıqlama verən Çin Ordusu bölgədəki hava və dəniz qüvvələrinin həyəcan vəziyyətinə gətirildiyi məlumatını da paylaşıb. Əldə edilən məlumata görə, Çin ordusuna aid 5 döyüş təyyarəsi və bir esmines gəmisi təlimi yaxından izləyib.
Ötən həftə Birləşmiş Ştatlar həmçinin Almaniyanın quru, hava və dəniz qüvvələri birliklərinin Havayda təlimlərə qatılacağını açıqlamışdı. Əldə edilən məlumata görə, Almaniya iyun ayında keçiriləcək və hərb tarixinin ən böyük dəniz manevri olduğu bildirilən təlim üçün Havay adalarına qoşun göndərməyə başlayıb. Almaniyanın Havayda hərbi baza quracağı və göndərdiyi qoşunları daimi olaraq yerləşdirəcəyi də bildirilir.
Almaniya Baş Qərargahından verilən açıqlamada Çinin Avropa ölkələrinin Sakit okeanda sərbəst naviqasiya hüququnu əngəllədiyi vurğulanıb. Almaniyanın Havay adalarına təlimlər üçün üç hərbi gəmi göndərəcəyi də bildirilir. İyun ayında keçiriləcək böyük təlimdə Almaniya, Fransa və İspaniyanın Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri də iştirak edəcək. Təlimdə ABŞ-ın nüvə silahı daşıya bilən daha bir bombardmançı təyyarəsi “B-1 Lancer”dən də istifadə edəcəyi məlumatlar arasındadır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Sakit okeanda bütün müharibə hazırlıqlarını 2027-ci ilə qədər tamamlaması gözlənilir. Buna səbəb Çin prezidenti Si Cinpinin Çin ordusuna “2027-ci ildə Tayvanı ələ keçirməyə hazır olun” göstərişi verməsidir.
ABŞ-da yerləşən başqa bir beynəlxalq müdafiə nəşri olan “Breaking Defense” ABŞ-ın zirehli quru qoşunlarını, eləcə də Sakit okeandakı dəniz qüvvələrini lazer silahları ilə təchiz etməyə başladığını bildirib. Zirehli transportyorlara quraşdırılan 50 kilovatlıq lazer silahlarının həm düşmənin müəyyən edilmiş zirehli hədəflərini, həm də münaqişələr zamanı aşağı hündürlükdəki hava təhlükələrini məhv edəcəyi gözlənilir. ABŞ Sakit okeandakı döyüş gəmilərində 300 kilovatlıq lazerlərdən istifadə edəcək. Bildirilir ki, ABŞ silahlı və silahsız pilotsuz uçuş aparatlarına (SİHA və İHA) da 28 kilovatlıq lazer silahı quraşdıracaq.
Aysel Şahmar