92 yaşlı media maqnatı Rupert Merdok məşhur rusiyalı oliqarx Roman Abramoviçin keçmiş qayınanası Yelena Jukova ilə evlənməyə hazırlaşır. Bu, onun beşinci evliliyi olacaq.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Merdokun ətrafı onun artıq 67 yaşlı Jukova ilə nişanlı olduğunu bildirib. Toy iyun ayında Kaliforniyadakı malikanədə baş tutacaq.
Məşhur cütlüyün romantikası 2023-cü ilin avqustunda məlum olub. Yelena Jukova və Rupert Merdok Korfu çimərliyində görüşərkən görüntüləniblər, bundan sonra onlar icarəyə götürülmüş yaxtada qısa səyahətə çıxıblar.
Yelena Jukova molekulyar bioloq, diabet mütəxəssisi və rusiyalı milyarder Aleksandr Jukovun keçmiş həyat yoldaşıdır. O, Amerika universitetlərindən birində dərs deyib və hazırda təqaüdə çıxıb. 92 yaşlı Merdokun yeni seçilmişi 1991-ci ildə qızı ilə Rusiyanı tərk edəndən bəri 30 ildir ABŞ-da yaşayır.
Rupert Merdok media maqnatı, ABŞ, Avstraliya, Avropa, Latın Amerikası və Asiyada media, film şirkətləri və nəşriyyatların sahibidir. “News Corp” və “21st Century Fox holdinq” şirkətlərinin təsisçisi, sədri və baş direktorudur. Ötən il o, rəhbərliyi övladlarına təhvil verərək bu vəzifələrdən istefa verib.