Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əziz Məmmədov vəfat edib.
Bu barədə Publika.az-a BDU-dan bildirilib.
Əziz Məmmədov 1939-cu ildə anadan olub. 1955-ci ildə orta məktəbi qızıl medalla bitirib, təhsilini BDU-nun Fizika fakültəsində davam etdirib. 1967-ci ildə "Müasir fizikada məkan-zaman problemi" mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi, 1994-cü ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb. Əziz Məmmədov 1965-ci ildən BDU-nun Fəlsəfə kafedrasında işləyib, 1995-ci ildən kafedranın professoru olub. Fizika, təbiətşünaslığın fəlsəfi problemləri, dialektika və idrak nəzəriyyəsi, idrak nəzəriyyəsi və metodologiya, sinergetika və məntiqşünaslıq üzrə görkəmli mütəxəssis olub. 43 irihəcmli monoqrafiya və dərsliyin, 400-dən artıq elmi məqalənin müəllifi idi. O, elmlər namizədi və elmlər doktorluğu üzrə yazılmış 18 dissertasiyanın elmi rəhbəri olub.
Allah rəhmət eləsin!