Rumıniyada keçirilən prezident seçkilərində "exit-poll"un nəticələri göstərir ki, qərbyönlü mərkəzçi Nikuşor Dan ifrat sağçı avroskeptik Corce Simion üzərində sürpriz qələbə qazanıb.
Qutb.az xəbər verir ki, hazırda paytaxt Buxarestin meri olan 55 yaşlı Nikuşor Dan Rumınların Birliyi Alyansı (AUR) Partiyasının lideri Corce Simion ilə seçkilərin ikinci turunda üz-üzə gəlib.
"Exit-poll"un nəticələrinə görə, Dan 54,9%, onun rəqibi Simion isə 45,1% səs toplayıb.
Bununla belə, Tramp tərəfdarı Simion artıq aşkar məğlubiyyətini hələ ki qəbul etməyib. Səsvermə bazar günü yerli vaxtla saat 19:00-da başa çatıb.
Maraqlıdır ki, bu ayın əvvəlində keçirilən birinci turda 38 yaşlı Simion səslərin 40,96%-ni toplamaqla rəqibindən üstün olmuşdu.
N.Dan seçkilərdə müstəqil namizəd kimi iştirak edir və korrupsiya ilə mübarizə aparacağına söz verib. O, həm də güclü Aİ və NATO tərəfdarıdır, Rumıniyanın Ukraynaya dəstəyinin öz təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını deyib.