18.05.25 | Bakı 16.79° C |
10:06:25
Lent :

Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik - Pakistan rəsmisi

18 may 2025 16:00
DÜNYA
ads
Advertisement

“Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik. Onlar bunu nə qədər tez başa düşsələr, həm regional sülh, həm də dünya üçün bir o qədər yaxşı olar”.

 

Qutb.az xəbər verir ki, bu barədə Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri Anadolu Agentliyinə verdiyi müsahibədə bildirib.

 

Çaudri Hindistanla yaşanan son gərginlik barədə danışaraq, Cammu Kəşmirdəki Pahalgam bölgəsindəki hücumla bağlı Pakistanı günahlandıran Hindistanın heç bir dəlil təqdim edə bilmədiyini vurğulayıb. O, Yeni Dehli rəhbərliyini “terror bəhanəsi ilə hadisələri siyasi məqsədlər üçün istifadə etməkdə” ittiham edib.

 

Çaudri deyib ki, terrorizm, radikalizm və nifrət Hindistanın daxili problemidir və orada müsəlmanlara və sikh icmasına qarşı təzyiqlər bu problemləri daha da alovlandırır.

 

“Pakistan terrorun qurbanıdır, Hindistan isə sponsoru”

 

Çaudri bildirib ki, Pakistan bu gün dünyada terrorizmin ən böyük qurbanıdır. 2024-cü ilin yanvarından bəri ölkədə 3.700-dən çox terror hücumu baş verib, bu hücumlarda 1.314 nəfər həyatını itirib, 2.500-dən çox insan yaralanıb və bəziləri bədən üzvünü itirib.

 

O, Pakistan ərazisindəki terror hücumlarının Hindistan tərəfindən dəstəkləndiyini və təşviq olunduğunu bildirib. Müsahib Belucistan əyalətində 11 martda 20-dən çox sərnişinin öldüyü qatar hücumunu xatırladaraq, məsuliyyəti öz üzərinə götürən “Belucistan Azadlıq Ordusu”nun Hindistandan açıq hərbi yardım istədiyini və bəzi Hindistan siyasətçilərinin bu təşkilata dəstək verdiklərini deyib.

 

Çaudri əlavə edib ki, Hindistanın Pakistan daxilindəki terror hücumlarına birbaşa əlaqəsi ilə bağlı çoxsaylı sübutlar var və bunlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunub. Onun sözlərinə görə, Hindistan kəşfiyyatı Pakistan daxilində hücumlar həyata keçirmək üçün terror təşkilatlarını hazırlayır və maliyyə dəstəyi verir.

 

“Pahalgam hücumu ilə Pakistanın heç bir əlaqəsi yoxdur”

 

Çaudri, Pahalgamdakı hücumla Pakistan arasında heç bir əlaqənin olmadığını qeyd edib və bildirib ki, Kəşmirdə və ya Hindistanın başqa bölgələrində baş verən hadisələr Hindistanın daxili zülm siyasətinin nəticəsidir.

 

O, Kəşmir probleminin BMT qətnamələrinə əsasən, bölgə xalqının iradəsi ilə həll edilməli beynəlxalq bir münaqişə olduğunu bildirib. Hindistanın isə Kəşmir xalqının hüquqlarını pozaraq demoqrafik dəyişikliklərlə bölgəni daxili məsələyə çevirməyə çalışdığını deyib.

 

“Hindistanın məqsədi daxili siyasi manipulyasiyadır”

 

Çaudri, Hindistanın Pahalgam kimi hücumları daxili siyasi məqsədlər üçün istifadə etdiyini, 2019-cu ildəki Pulvama hücumundan sonra Cammu Kəşmirin xüsusi statusunun ləğv edildiyini xatırladıb. O, Hindistanın bu hücumları hökumət partiyasının daxili siyasi maraqları naminə istifadə etdiyini və bunun əvvəllər də baş verdiyini qeyd edib.

 

“Təxribatlara sərt cavab verəcəyik”

 

Çaudri vurğulayıb ki, Pakistan sülh tərəfdarıdır, amma Hindistan tərəfindən hücum və təxribat olarsa, cavabları sərt və tez olacaq. O əlavə edib ki, 10 mayda əldə edilmiş atəşkəsə Pakistan ordusu sadiqdir, lakin Hindistanın hərbi təxribatlarına cavab veriləcək.

 

Nüvə silahına sahib iki ölkə arasında müharibənin ağılsızlıq olacağını deyən Çaudri, bunun hər iki tərəf üçün qarşılıqlı məhv anlamına gələcəyini vurğulayıb.

 

“5 Hindistan qırıcısını vurduq”

 

Çaudri, son gərginlikdə Hindistana məxsus 3-ü Rafale olmaqla 5 döyüş təyyarəsinin vurulduğunu, Pakistanın yalnız bir təyyarəsinin yüngül zədələndiyini və onun tezliklə istifadəyə qayıdacağını bildirib.

 

Çaudri əlavə edib: “Dünya Hindistan təyyarələrinin vurulduğunu bilir, lakin Hindistan bunu qəbul etmir. İstəsək, həmin pilotların adlarını, hazırda harada və hansı xəstəxanada olduqlarını belə açıqlaya bilərik”.

 

“Əsla Hindistan hegemoniyasına boyun əyməyəcəyik”

 

Çaudri vurğulayıb: “Hindistan ABŞ deyil, Pakistan da Əfqanıstan deyil. Hindistan İsrail deyil, Pakistan da Fələstin deyil. Pakistan heç vaxt qorxudula bilməz, məcbur edilə bilməz və əsla Hindistan hegemoniyasına boyun əyməz. Onlar bunu nə qədər tez başa düşsələr, regional və qlobal sülh üçün bir o qədər yaxşı olacaq”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.79° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur