Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda hasilatın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,4 % azalıb.
Bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
2022-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.
Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.
İkinci rübdə həmçinin Çıraq Qazlift layihəsi də təhlükəsiz və büdcəyə uyğun şəkildə tamamlanıb. Layihə çərçivəsində obyektin təhlükəsiz istismarını təmin edəcək mühüm modifikasiyalar həyata keçirilib ki, bu da insan müdaxiləsi və əməliyyat prosedurlarından asılılığı azaltmaqla artıq təzyiq riskinin idarə edilməsinə kömək edəcək. İl ərzində yeni Qazlift paylama sistemi hasilat cədvəlinə uyğun olaraq platformanın digər seçilmiş quyularına da tətbiq olunacaq.