"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp ABŞ millisinə rəhbərlik etmək təklifi alıb.
Publika.az xəbər verir ki, bu barədə “The İndependent” məlumat yayıb.
Bildirilir ki, artıq yerli futbol federasiyasının nümayəndələri almaniyalı mütəxəssis ilə əlaqə saxlayıb. ABŞ Kanada və Meksika ilə birlikdə 2026-cı ildə dünya kubokuna ev sahibliyi etməyə hazırlaşır. Komanda bu turnirdə iddialı çıxış etmək üçün məhz Kloppla əməkdaşlıq etmək istəyir.
Bu gün ABŞ yığmasının baş məşqçisi Qreq Berhalter postundan qovulub. Onun rəhbərliyi altında komanda ev sahibi olmasına baxmayaraq, Amerika Kubokunun qrup mərhələsini adlaya bilməyib.
Qeyd edək ki, Yurgen hazırda işsizdir. Alman mütəxəssis "Liverpul"dan ayrıldıqdan sonra bir il fasilə vermək niyyətində olduğunu bildirib.
Heybət