26.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Göygöl rayonunda “II Moruq Festivalı” keçiriləcək

25 avq 2025 12:00
İQTİSADİYYAT
ads

Göygöl rayonunda “II Moruq Festivalı” keçiriləcək. Qutb.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Aqrar İnnovasiya Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax Regional koordinatorluğu, “Göygöl Şərab Zavodu” ASC, “Şirin Aqro” QSC, “Xanni-2017” MMC və digər dövlət və özəl qurumlardır.  

30-31 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan “II Moruq Festivalı” Göygöl rayonunun Keşkü kəndində baş tutacaq.

Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun təbiətinin unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Keşkü kəndində təşkil olunacaq festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq növlərinin dequstasiyası və satışı təşkil ediləcək. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanacaqlar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramların nümayişi nəzərdə tutulur.

Həftəsonu hər gün saat 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünəcək. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkə biləcək, müxtəlif dequstasiya tədbirlərində iştirak edəcək, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyə biləcəklər. Festival çərçivəsində həmçinin sənətkarların hazırladıqları əl işlərinin sərgi-satış yarmarkası təşkil ediləcək. Ziyarətçilər açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanacaqlar. Ərazidə xüsusi kampinq zonasının təşkili də nəzərdə tutulub.

Moruq Festivalının Göygöl rayonunda keçirilməsi təsadüfi deyil. Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və Polyana” sortlarını becərməyə üstünlük verirlər.

Qeyd edək ki, moruq xalq təbabətində ən geniş istifadə olunan giləmeyvələrdən sayılır. Çay kimi dəmlənmiş meyvələr soyuqdəymədə hərarət salan vasitə kimi istifadə edilir. Moruq tərkibində ən çox dəmir olan giləmeyvədir. Giləmeyvənin 100 qramının enerji dəyəri 41 kaloridir. Qlükoza və fruktoza ilə zəngin olduğuna görə ürək-damar və beyin patologiyası zamanı faydalı hesab olunur.

“Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verəcək.

Festivalı hər gün minlərlə insanın ziyarət edəcəyi proqnozlaşdırılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur