Koronavirus epidemiyası başlayandan sonra bütün gözlərin üzərində olduğu Çində daha bir virus böhranı yaşanıb. Çinli alimlərin Uhan laboratoriyalarında istehsal etdikləri və dünyaya yayıldığı iddia edilən koronavirusun mutant versiyasının olması xəbəri dünya gündəminə damğasını vurub. Ölümcül mutant virusa qarşı elm dünyasından narahatlıq səsləri yüksəlib.
Publika.az xəbər verir ki, Çində aparılan yeni təcrübə dünyanı sarsıdıb. Vuhan laboratoriyalarındakı alimlərin koronavirusun ortaya çıxmasında iştirak etdiyinə dair iddialar hələ də qaldığı halda, bu dəfə “ölümcül mutant virus” məsələsi gündəmə gəlib.
Koronavirus epidemiyası ortaya çıxdıqdan sonra ABŞ kəşfiyyat agentlikləri koronavirusun Vuhandakı laboratoriyadan sızdığına dair birbaşa sübut tapa bilmədiklərini, lakin virusun mənbəyinin qeyri-müəyyən olaraq qaldığını açıqlayıblar.
Bu dəfə Çin alimləri “GX_P2V” adlı mutant tipli koronavirus üzərində apardıqları işlərlə dünyanın diqqətini çəkiblər. Dünya mətbuatında yer alan xəbərlərə görə, Çin alimləri bir araşdırmada yüzdə yüz öldürücü olan mutant virus üzərində təcrübə aparıblar.
Bəyanatda “GX_P2V”-nin pandemiyadan üç il əvvəl Malayziya panqolinlərində aşkar edilmiş koronavirusun "qohumu" olan “GX/2017”-nin mutasiya edilmiş versiyası olduğu barədə məlumatlar yer alır.
Təcrübənin təfərrüatlarına görə, GX_P2V siçanların ağciyərlərini, sümüklərini, gözlərini, nəfəs borularını və beyinlərini yoluxdurub. Kifayət qədər sürətlə yayılan virus əvvəlcə canlını arıqladır. Bir çox zəif olan siçanların gözləri 7-ci günün sonunda tamamilə ağarıb.
Virusa yoluxmuş siçanlar cəmi 8 gün ərzində ölüb. Tədqiqatçılar bunun təəccüblü dərəcədə sürətli bir ölüm olduğunu söyləyiblər.
Sözügedən araşdırma elm dünyasını da çaşdırıb. London Universitet Kollecinin Genetika İnstitutunun epidemioloqu Francois Balloux araşdırmanın "dəhşətli" və "elmi baxımdan tamamilə mənasız" olduğunu söyləyib:
"İnsanlaşmış siçanları təsadüfi bir virusa zorla yoluxdurmaqdan nə öyrənilə biləcəyini görmürəm. Əksinə, belə bir şeyin necə yanlış getdiyini görə bilirəm".
Balloux test hesabatlarında biotəhlükəsizlik səviyyəsinin və ehtiyat tədbirlərinin göstərilməməsini də şiddətlə tənqid edib: "Bu vəziyyət potensial bir pandemiya patogeni ilə tədqiqatın minimum biotəhlükəsizlik tədbirləri görülmədən ehtiyatsızlıqla aparılma ehtimalını gündəmə gətirir".
Aysel Şahmar