"Qarabağ"ın futbolçusu Abdulla Zubir adını Azərbaycan futbol tarixinə yazıb.
Publika.az-ın məlumatına görə, Ağdam təmsilçisinin fransalı vingeri həm komandasının, həm Azərbaycan klub futbolu tarixinin avrokuboklardakı bombardirinə çevrilib. O, buna Avropa Liqasının Pley-off mərhələsinin "Braqa" ilə oyununda (4:2) dubl etməklə nail olub. Zubir Portuqaliya təmsilçisi ilə görüşlərdə 12 və 13-cü qollarını vurub.
Bu matça qədər Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısına "Qarabağ"ın sabiq futbolçusu Reynaldo ilə birlikdə şərikli liderlik edən 32 yaşlı futbolçu adını tarixə yazmağı bacarıb.
2018-ci ildə "Lans"dan "Qarabağ"a transfer edilən futbolçuya bu uğura nail olmaq üçün 6 il vaxt və 81 oyunda iştirak etmək lazım olub. Avrokuboklar matçlarında təmsilçimizin forması ilə 7159 dəqiqə meydanda olan Zubir 16 dəfə məhsuldar ötürmə də edib.
Qeyd edək ki, Abdulla ümumilikdə Ağdam təmsilçinin heyətində 247 matç keçirib, 57 qol vurub və 64 asist edib.
Heybət