Futbol agenti Mamuka Cuqeli müştərisi, "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya haqda açıqlama verib.
Qütb.az xəbər verir ki, o, gürcüstanlı vingerin əsas karyera məqsədlərindən danışıb:
"Xviça 1 milyard avroya belə Səudiyyə Ərəbistanı komandasına keçməyə razı olmaz. Onun başqa məqsədləri var. O, hədsiz miqdarda pul almaqdansa, "Real", "Bayern" və ya "Mançester Siti" kimi klublarda oynamağı üstün tutur.
Xviça uğur qazanmaq istəyir və o, artıq buna nail olur. Futbolu anlayanlar razılaşır ki, onun heç bir hüdudu yoxdur və yalnız irəliyə doğru addımlayır. Xviça dünyanın ən yaxşı üç oyunçusundan biridir. Heç bir komanda onunla müqavilə imzalamaq şansından imtina etməz, amma hər şeyin öz vaxtı var”.
Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Bu mövsüm cinah oyunçusu Neapol təmsilçisinin heyətində bütün yarışlarda 25 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.