29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qurban Qurbanov: "Ayaks"dan çəkinəcək bir şeyimiz yoxdur

23 okt 2024 16:01
İDMAN
ads
Advertisement

"Qarabağ" Avropa Liqası Liqa fazasının 3-cü turu çərçivəsində sabah Bakıda "Ayaks"ı qəbul edəcək.

QÜTB.AZ xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün çox vacib oyundur. Tanınmış kluba qarşı oynayacağıq. "Ayaks" kimi dünya futbolunda tanınan, hücum futbolu göstərən tarixi kluba qarşı oynayacağıq. "Ayaks"a baxıb, onların düşüncələrini icra edən klublar çoxdur. Bu cür klubun Bakıya gəlməsi bizim üçün avantajdır. Nəticədən asılı olmayaraq belədir. Oyuna gəldikdə, pis hazırlaşmamışıq. Hazırlaşmaq üçün vaxtımız olub. Futbolçuların hazırlıq səviyyəsi pis deyil. Çox istəklidirlər. İnanıram ki, sabah azarkeşlərimiz oyundan razı qalacaqlar. Bu, bizim üçün çox vacib, çox önəmlidir. Çalışacağıq ki, hər birinizi sevindirək. Meydanda ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

- Zədəlilərlə bağlı problem var?

- Marko Veşoviç və Mateus Silva bu oyun üçün yoxdurlar. Müalicə alırlar.

- İndiyə qədər Azərbaycana "Ayaks" kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiz, yoxsa onlara sıradan matç kimi təqdim edəcəksiz?

- Əvvəllər də demişəm, bu cür klubların Bakıya gəlməsi, burada olması, azarkeşlərimizin onları canlı görməsi, futbolumuza sevginin artması və inkişaf üçün böyük təkandır. Azyaşlı futbolçularımız, onların valideynləri bu cür klubların Bakıya gəldiklərini gördükdə bu, istər-istəməz futbola sevgini, inamı çoxalda bilər. Son vaxtlar "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, çəkinəcək bir şeyimiz qalmayıb. Təcrübəmiz çoxdur. Böyük klublarla səfərdə və Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz sadəcə komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür. Əgər gələcəyə nikbin baxıb, böyümək istəyiriksə, bu cür klublara qarşı oynamaqdan, böyük məğlubiyyətlərdən çəkinməli deyilik. Azərbaycan futbolunun və Avropanın öndə gedən ölkələrinin futbolunun gücünü dəyərləndirsək, çəkinəcək bir şeyimiz yoxdur. Onlara qarşı necə düzgün oynaya bilərik? Ən vacibi çəkinməməliyik. Bunlar olduqda, inanıram ki, qarşıda daha yaxşı kollektiv görə, tez inkişaf edə bilərik. "Ayaks" yaxşı komandadır, dinamik və ağıllı futbol oynayırlar. Oyunlarına baxıb, analiz etmişik. Biz onlara qarşı həm mübarizə aparacağıq, həm də bəzi şeyləri öyrənəcəyik. Öyrənmək üçün utanmırıq, çəkinmirik. Bu cür rəqiblərə qarşı möhkəm dayanmağı bacarmalıyıq. Bununla bərabər, sabah çalışacağıq ki, oyunumuzla, istəyimizlə, dinamika ilə azarkeşlərimizi razı salaq.

- Marko Yankoviç kimi meydanda aktiv olan birinin beynəlxalq oyunlarda şans qazanması, sərəncamınızda olması, nə qədər rahatdır?

- Bu gün hələ bir məşqimiz var. Özünü yaxşı göstərsə, sabah meydanda olacaq. Dəfələrlə demişəm, futbolçularımın hamısının sağlam olması mənim üçün böyük üstünlükdür. Çünki təkcə oyuna görə yox, oyundakıları yaxşı icra etmək üçün məşqlərdə də bütün oyunçuların sağlam olması çox önəmlidir. O zaman hər bir futbolçu oyunda nə etdiyini daha yaxşı anlayır. Bu cür böyük oyunlardan əvvəl məşqin keyfiyyəti yaxşı səviyyədə olur. İki gün vaxtım oldu ki, bütün oyunçularla yaxşı məşq edək. Əvvəlki matçlardan öncə isə 3-4 gündən bir oyuna çıxırdıq. Hər oyuna 8-9 futbolçu ilə hazırlaşırdım. Milli dönəmdə də 9-10 əsas oyunçu olurdu. Bu sayda futbolçularla keyfiyyətimizi heç cürə yaxşılaşdıra bilmirdik. Amma 2 gün bu oyuna hamılıqla hazırlaşa bildik. Ona görə inanıram ki, sabahkı matçda futbolçularım dinamik, yaxşı oynaya biləcək. Marko Yankoviç əsas üzvlərimizdəndir. Düşüncələrimizi yerinə yetirmək üçün hazır olması məni həmişə sevindirir. Buna görə də uzun müddətdən sonra məsuliyyətli oyuna hazır olması məni sevindirdi.

- Qapı mövqeyi yenə də müzakirə edilir. Bu mövqedəki problemlər sizi də narahat edir?

- Düzünü desəm, etmir. Hər bir oyunçunun məsuliyyətlə işə yanaşması, mənim üçün birinci yerdədir. Bu gün hər iki qapıçının potensialı böyükdür. Hər ikisi də böyük məsuliyyətlə istənilən məşqdə özünü yaxşı tərəfdən göstərməyə çalışır. Ola bilər ki, əvvəlki oyunlarda komandaya tam uyğunlaşa bilməmişdilər. Mental olaraq tam hazır deyildilər. Buntiç və Koxalskini götürsək, biri Portuqaliya, digəri Polşa çempionatında oynayıb. Ola bilər bəlkə orada məsuliyyət az olub. Polşa və Portuqaliya liqalarından aşağı ola bilərik, amma bizim komandanın daim yuxarılarda olması məsələsi, məsuliyyəti bəlkə də onlarda olmayıb. Hər iki qapıçıya güvənirəm. Məğlub olanda, nəinki qapıçılar, oyunçulara qarşı fikirlər də dəyişilir. Bu gün olmasa da, sabah onların oyunları daha yaxşı olacaq, potensialları böyüyəcək. Narazı olası bir şey görmürəm. Özünüz də görəcəksiz ki, hər bir qolkiper özünü yaxşı göstərib, komandaya fayda verəcək. Şahruddinin qayıtması, sağlam olması, rəqabətin böyüməsinə fayda verəcək. Bu gün onlara inamım böyükdür.

- Aleksey Kaşukun hazırlıq durumu imkan verir ki, "Ayaks"la matçda daha çox meydanda olsun?

- Hazırlığı pis deyil. Amma mən hələ tam razı deyiləm. Onu gözəl anlayıram, uzun müddət kollektiv məşqsiz, oyunlardan uzaq qalmaq, heç bir futbolçu üçün yaxşı hal deyil. Amma ümumən günü-gündən, oyundan-oyuna, məşqdən-məşqə öz potensialını açmağa başlayır. Ona inam və güvənimiz çoxdur. Çempionat oyunlarında əsas heyətdə də meydana çıxdı, sonradan da. Bu gün "Ayaks"la görüşdə oynamaq dəqiqəsini tam deyə bilmərəm. Sürət, dinamika tam başqa olur. Amma lazım olduğu halda, ondan istifadə edəcəyik. Kaşukun texnikasına, futbol anlayışına ehtiyacımız ola bilər.

- Keçmiş futbolçunuz Raydel Pupon Niderland mətbuatına açıqlamasında bildirib ki, Qurban Qurbanov çox tələbkardır, hətta gecə klublarında da onun adamları var idi. Düşünmürsüz ki, legionerlərdən mental olaraq tələbkarlıq onlarda diskomfort yaradır?

- Klubda ən məsuliyyətli şəxs mənəm. Mənim üçün hər bir futbolçunun idman formasının daim yaxşı olması önəmlidir. Tələbkar olmağıma gəlincə, belə olmalıyıq. Amma bunu biz elə formada edirik ki, futbolçu inciməsin, küsməsin. Onu başa salaraq, öz fikirlərimizi bildiririk. Mənim elə də çox adamlarım, ətrafım yoxdur ki, gecə klublarında olsun. Ətrafımda axşam saatlarında oralarda olmayanlardır (gülür). Pupon maraqlı, məsuliyyətli biri idi. Onunla bir neçə danışığımız olmuşdu. Ondan ən çox tələbim çəkisinin çox olması idi. Aşağı salmaq üçün söz vermişdi. Çəkisi çox olurdu, bəzən üstündən keçirdim (gülür). Biz bəzən futbolçuların şikayətini eşidirik ki, yorğun oluruq, tələblər çoxdur... Amma müəyyən müddət keçəndən sonra anlayırlar ki, onlardan tələb etdiklərimiz, onların yaxşı, sağlam olması, ilboyu stabil olmaları üçün nə dərəcədə faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq çox asandır. Bu gün ələlxüsus da cavanları. Bir az uğur əldə edənlərin ətrafı böyüyür, dostları çoxalır. Futbol bu gün tam başqadır. Cüzi diskomfort istənilən futbolçunun səviyyəsini aşağı salır. Tələblər olmasa, uğurlu nəticə olmaz. Milliyə gedənlər heç ailələrinə vaxt ayıra bilmirlər. Buna baxmayaraq, tələblərimiz çoxalmalıdır. Bir-iki məğlubiyyət komandaya inamsızlıq, güvənsizlik yaradır. Hamı qalib gəlmək istəyir. Futbolçularıma bəzi anlarda nə qədər sərt olsam da, onların dostuyam, həmişə yanlarındayam. Problemləri olanda istənilən saatda onların yanında olmağa hazıram. Əvvəl özümdən bunu tələb edirəm, sonra futbolçulardan. Eşitməmişəm ki, hansısa futbolçu məndən narazı qalıb, hamısı məni çox istəyib, hörmətlə yanaşıb. Bilirlər ki, onların sağlamlığı, yaxşılığı üçün fikirlərimi bildirirəm. Buna da məcburam, borcluyam. Onları ən çox istəyən, uğur əldə etmələrini istəyən birinci şəxs mənəm. Bilirəm ki, bu nə dərəcədə ağır peşədir. Kənardan sevimli peşədir, amma aysberqin görünməyən tərəfləri var. İçəridə nələrdən keçirlər, bunu tək mən bilirəm. Yaxşı olmaları üçün bəzən xoşları gəlməsə də, onlardan bunu tələb edəcəm.

- Rəqiblər bəlli olanda "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdük. İndi isə son pillələrdəyik. Pley-off mərhələsinə yüksəlməmək kimi narahatlığınız var?

- Bu il turnir fərqli formatdadır. İki oyundan sonra fikir bildirmək olmaz. Format elədir ki, bəlkə 4-5 xalla pley-off mərhələsinə vəsiqə qazanacaqsan. Mənim üçün bəlkə digər format daha rahat idi. Cəmi 3 komandaya qarşı öz fikirlərini, düşüncələrini daha tez formalaşdırıb, daha yaxşı hazırlaşa bilirdin. Ev və səfər oyunu var idi. Üstünlükləri çox idi. Yeni format tam fərqlidir. Buna uyğunlaşmaq lazımdır. Narahatlığım yox deyil, var. Ümumi duruma baxanda, bu gün xalımız yoxdur. Hələ heç nə bilmək olmaz. Qarşıda ən azından 6 oyunumuz var. Keçən il pley-off mərhələsinə keçsək, 8 oyun oynayırdıq. Bu mövsüm isə minimum 8 oyunumuz var. Yanvardan sonrakı 2 oyun bizim üçün pley-off kimi olur. Çox istəyərdik ki, oyunlarımızın sayı çox olsun. Çalışacağıq ki, pillə-pillə qalxaq. Bizim üçün pley-off-a çıxmaq uğurdur. Şansımız varsa, çalışacağıq ki, daha yuxarılarda olaq. İnanın ki, 16-17-ci ildir buradayam. Hər il hər oyunda narahatlığım var. Belə də davam edəcək.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur