"Qarabağ"- "MOİK" oyununun hakimləri vətən müharibəsi veteranları olacaq
Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.
Azərbaycan kuboku uğrunda 1/8 finalın oyununda Ağdamın “Qarabağ” klubu ilə MOİK qarşılaşacaq.
Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən mərkəzi şəhərində keçiriləcək ilk rəsmi futbol matçı olacaq. Oyun Azərbaycanın futbol azarkeşləri üçün idman bayramı hesab olunur.
Qütb.az xəbər verir ki, "Qarabağ" - MOİK oyununa hakim təyinatı da xüsusi seçimlə həyata keçirilib.
Belə ki, Qol.az bununla bağlı maraqlı məlumat əldə edib. Məlumata görə, AFFA və Peşəkar Futbol Liqası təyinatlar zamanı müəyyən həssas məqamları nəzərə alıb. Qarşılaşmanı idarə edəcək baş hakim Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Onun köməkçisi yan xətt hakimi Taleh Məmmədov da ikinci Qarabağ müharibəsinin veteranıdır.
Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu da 44 günlük Vətən müharibəsində döyüşüb.
Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin "Qarabağ" komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarından hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı bu gün saat saat 14:00-da başlanacaq.