29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Nərimanın məşqçisindən şok etiraflar: "Braqa" ilə oyundan əvvəl ona nə deyib?

27 fev 2024 13:00
İDMAN
ads

Son günlərin ən çox müzakirə edilən futbolçularından biri Nəriman Axundzadədir. Onun “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan “Braqa” ilə hər iki oyunda ön planda olması, xüsusi ilə Bakıdakı görüşdə Ağdam təmsilçisi adına tarixi qola imza atması böyük marağa səbəb olub.

Bu məqamı nəzərə alaraq “Qarabağ” akademiyasındakı ilk məşqçisi, hazırda da orada çalışan Elnur Əliyevlə əlaqə saxladıq:

- Nəriman Axundzadəni necə kəşf eləmisiniz? Onu futbola, "Qarabağ"a necə qazandırmısınız?

- Onunla 12 yaşında tanış olmuşam. Sadəliyi və istedadı ilə diqqətimi cəlb elədi. Həmin vaxtdan onunla təkcə müəllim-tələbə kimi deyil, dost, ata-oğul kimiyik. "Qarabağ"a gəldiyi gündən akademiyada ona ən yaxın mən olmuşam. Mən onu özümə oğul bilmişəm. Özü bu gün də deyir ki, mən sizin oğlunuzam.

Nərimanın yetişmə dövründə ən böyük problemlərindən biri erkən yaşlarından ailəsindən uzaq düşməsi idi. Eyni zamanda həmyaşıd olduğu dostlarının yoxluğu ona təsir edirdi. Çalışırdım ki, daim onun yanında olum. Onun istəklərini mümkün qədər yerinə yetirim. Ən böyük problem Nərimanın hər şeyi bəyənməməsi idi.

- Nərimanın yetişmə dövründə həm o, həm siz nə kimi çətinliklərdən keçmisiniz? Bu qədər əziyyətin fonunda nələr yaşanıb?

- Nəriman "Qarabağ"a gələndə U-14 komandasının məşqçisi idik. 12 yaşı olmasına baxmayaraq onu U-14 liqasında oynadırdıq. Mümkün qədər də onu zədələrdən qorunmağa çalışırdıq. Özündən yaşda böyük olan uşaqlarla oynadığı üçün zədəyə meyilli idi. Amma hər zaman da çalışırdıq ki, böyüklərlə oynasın.

- Nərimanın "Braqa" ilə oyunları barədə düşüncələriniz necədir? Onunla əlaqə saxlamışdınız?

- Nərimanın "Braqa" ilə səfər oyununda rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda qol vura bilməməsi məni məyus etdi. Bu, futboldur, təbii ki, belə hallar çox olacaq. Amma məni sevindirən hal o oldu ki, Qurban Qurbanov mətbuat konfransında onun oyunu barədə qısa izahat verdi. Bu da Nəriman üçün böyük motivasiya oldu. Oyundan sonra mənimlə əlaqə saxladı. Mən hələ onu belə vəziyyətdə görməmişdim. Bakıdakı oyun günü isə matça 4-5 saat qalmış telefonla danışdıq. Mənə dedi ki, bu oyunda qol vuracam. Bir dənə Allaha dua edin ki, Qurban Qurbanov mənə şans versin. Qol vuracağına inanırdı, bunu da sübut elədi. Azərbaycan xalqı və müəllimləri üçün böyük fəxrdir.

- Nərimanın “Xəzər Lənkəran”ın yetirməsi olduğu barədə sosial şəbəkələrdə iddialar var. Bu doğrudurmu?

- Nəriman Lənkərandan gəldikdən sonra 12 yaşından 18 yaşa kimi "Qarabağ" akademiyası onu yetişidirib, formalaşdırıb. O, "Qarabağ"ın yetirməsidir. 9 yaşında"Xəzər Lənkəran" akademiyasında məşqlərə başlayıb. Xəyal, Röyal Abbasov qardaşları onu məhz "Qarabağ" akademiyasına veriblər.

Heybət Məmmədov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur