Ermənistan və Gürcüstan 2029-cu ildə keçiriləcək gənclər arasında dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim ediblər.
Publika.az xəbər verir ki, bu barədə hər iki ölkənin futbol federasiyalarının prezidentləri Armen Melikbekyan və Levan Kobiaşvili mətbuat konfransında bildiriblər.
Melikbekyanın sözlərinə görə, ərizəni təqdim etməzdən əvvəl bu məsələni müxtəlif futbol təşkilatları ilə müzakirə ediblər və xüsusilə UEFA gənclər arasında dünya çempionatının Ermənistan və Gürcüstanda keçirilməsi ideyasını dəstəklədiyini bəyan edib.
FİFA-nın müraciəti təsdiqlənərsə, Ermənistanda Gürcüstanla sərhədə yaxın rayonlarda iki stadion tikiləcək.
İlkin plana əsasən, dünya çempionatının oyunları Ermənistanda dörd stadionda keçiriləcək. İrəvandakı Respublika stadionu da təmir oluanacaq. Bundan əlavə, yaxın vaxtlarda Milli Stadionun tikintisinin yekun layihəsi təsdiqlənəcək.
Levan Kobiaşvili isə bildirib ki, o, təkcə Gürcüstan Futbol Federasiyasına deyil, həm də UEFA İcraiyyə Komitəsinin üzvüdür və Avropa Futbol Assosiasiyasının bu ideyanı dəstəklədiyini bilir. Onun sözlərinə görə, Ermənistan və Gürcüstanın bu miqyasda idman tədbirlərinin keçirilməsində kifayət qədər təcrübəsi var. Sadəcə FİFA-nın ərizəni təsdiqləməsi qalır.