Azərbaycan futbolunun hakimliklə bağlı problemləri tükənmək bilmir.
QÜTB.AZ xəbər verir ki, ön planda Premyer Liqa olduğundan, daha çox çempionatda baş verənlər müzakirə olunur. Ancaq aşağı liqalarda və AFFA-nın bayrağı altında keçirilən digər çempionatlarda da vəziyyət yaxşı deyil.
Məsələn, U-15 liqasında. Ötən həftə sözügedən yaş qrupu üzrə keçirilən “Turan Tovuz” – “Qarabağ” matçında hakimliklə bağlı xoşagəlməz hadisə yaşanıb. Görüşə təyinat alan referi Samir Hüseynov və onun köməkçisi, laynsman Taleh Məmmədova oyunda ədaləti qorumaq tapşırılsa da, onlar meydanda özlərini başqa formada aparmaq qərarına gəliblər.
Sözügedən hakimlər qarşılaşma boyu yeniyetmə futbolçuları təhqir edib və onlara qarşı nalayiq ifadələrdən istifadə ediblər. Edilən etirazlara rəğmən, hakimlər özlərini toparlamayıblar. Özlərini ədalət təmsilçisi kimi yox, meydanın “vor zakon”u kimi aparıblar.
Sözügedən liqalara nəzarət, videoçəkilişlər olmadığından, bu faktları sübuta yetirmək çətindir. Biz yalnız valideynlərin dedikləri haqda mühakimə yürüdə bilirik.
Bu kimi hallar müxtəlif vaxtlarda yaşanıb. Yetərli sübutların olmaması hakimlərin özbaşnalığının qarşısını almağa mane olub.
Ümumiyyətlə belə halların baş verməməsi üçün nə edilməlidir? Bu məsələdə əsas yük AFFA-nın üzərinə düşür. Hakimlər federasiyaya tabe olduqlarından, onların davranışlarına sözügedən qurum və tabeliyində olan Hakimlər Komitəsi cavabdehlik daşımalıdır.
Aşağı liqalarda təyinatları Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev və departamentin mütəxəssisi Bəxtiyar Osmanov edir. Belə halda onlar aşağı yaş qrupları üzrə liqalarda baş verənlərə görə məsuliyyəti konkret olaraq onların üzərinə düşür.
Sözügedən şəxslər xüsusilə uşaqların çıxış etdiyi və gözdən uzaq olan liqalarda söyüş və özbaşnalıqlarlın baş verməməsi üçün hakimlərə nəzarət etməli, onları heç də xoş olmayan bu davranışlardan yayındırmalı və yeri gələndə cəzalandırmalıdırlar. Hətta problemli hakimlərin psixoloji durumları və davranışları nəzarətdə saxlanılmalıdır. Əks halda onlar Azərbaycan futbolunun gələcəyi hesab edilən uşaqlara pis örnək olmaqla yanaşı, qalmaqala səbəb olacaqlar. Konkret desək, bu oyunları kənardan izləyən məşqçilər, klub rəsmiləri və valideynlər qəzəblənə və nəticədə heç də xoş olmayan hadisələr yaşana bilər.
Ona görə də AFFA, Hakimlər Komitəsi və Hakimlər Departamenti oyunlarda ədaləti qorumalı olan bu şəxslərlə bağlı ciddi tədbir görməlidirlər. Əks halda bir neçə hakimin məsuliyyətsizliyinə görə böyük qalmaqalın yaşanmayacağına təminat yoxdur.