Kazan-Adler istiqamətində hərəkət edən sərnişin qatarı Volqoqrad vilayətində yük maşını ilə toqquşaraq relsdən çıxıb.
Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yerində bir neçə təcili yardım briqadası işləyir.
“Rusiya Dəmir Yolları” QSC bildirib ki, qəza saat 12:35 radələrində Volqoqrad vilayətinin Qremyaçaya-Kotelnikovo hissəsində baş verib. İlkin məlumatlara görə, yük maşınının sürücüsü dəmir yolu keçidinə çıxıb və orada sərnişin qatarı ilə toqquşub. Nəticədə 8 vaqon relsdən çıxıb. Aşan qatar yük maşınının kabinəsinə çırpılaraq onu metrlərlə sürüyüb.
Hazırda hadisə yerində 320-dən çox insan və 100 texnika çalışır. İki Mi-8 helikopteri havadan müşahidə aparır.
Ümumilikdə qatarda 800-dən çox sərnişin olub. Hazırda qurbanların dəqiq sayı məlum deyil. “112” Telegram kanalının məlumatına görə, qəza nəticəsində 100-ə yaxın insan xəsarət alıb, bu məlumatı "Mash" da yayıb.
"Şot" mənbələrinin məlumatına görə isə qatarın relsdən çıxması nəticəsində altısı uşaq olmaqla 37 nəfər xəsarət alıb.
TASS-ın xəbərinə görə isə sərnişinlər vaqonlardan özləri çıxıblar. Zərərçəkənlərə yerindəcə tibbi yardım göstərilir və ya xəstəxanalara çatdırılır.
Qatarla yük maşınının toqquşması ilə bağlı cinayət işi açılıb. İstintaq Komitəsi qurbanların sayının dəqiqləşdirildiyini bildirib.
Adəm Abbaslı